İQTİSADİYYAT


Azərbaycan Sahibkarlar Konfederasiyanın “Menecment Komissiyası” 2021-ci ildə gördüyü işlərə dair hesabat verib

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) tərkibində aktiv fəaliyyəti ilə seçilən “Menecment Komissiyası” 2021-ci ildə gördüyü işlərə dair hesabat verib.

Komissiyanın Lütfi Zadə Mərkəzində keçirilən hesabat görüşündə üzvlər və Azərbaycan Sahibkarlar Konfederasiyası aparatının rəhbərləri iştirak edib.

ASK-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, komissiyanın sədri Camid Mövsümov ötən bir ildə görülən işlərin qısa təqdimatını edib. Onun sözlərinə görə, iş adamlarının tələbələrlə görüşləri təşkil edilib, sosial şəbəkələr üzərindən vebinarlar keçirilib, eyni zamanda, dünyada uğurla tətbiq edilən müasir idarəetmə metodları, əmək məhsuldarlığının yüksəldilməsi, layiqli əmək mövzularında komissiya üzvlərinin TV və radiolarda çıxışları, komissiyaya məxsus sosial şəbəkə kanallarının yaradılması işi uğurla yerinə yetirilib. C.Mövsümov İstanbulda keçirilən Türk Ticarət və Sənaye Palatasının 3-cü Baş Assambleyasının iclasında və Türk Biznes Forumunda iştirakları haqqında da məlumat verib.

Komissiya sədri 2022-ci il üçün nəzərdə tutulan planlar barədə geniş təqdimat edib. Təqdimata əsasən, Menecment Komissiyası tərəfindən menecment kvalifikasiya layihəsi, idarəetmənin müasir formaları haqqında bloq yazıların və kitabın buraxılması, eyni zamanda, maarifləndirmə proseslərinə yeni keyfiyyət qatacaq “Sanal Studiya” verilişlərinin hazırlanması ilə bağlı planlar nəzərdə tutulub.

Komissiyanın üzvü Elvin Mahmudov 2022-ci illə bağlı planlar ətrafında öz təkliflərini səsləndirib və idarəetmədəki “keyslər” əsasında müəyyən təlimatların hazırlanmasını təklif edib. Eyni zamanda, işğaldan azad olunan ərazilərimizdə qurulacaq sahibkarlıq subyektlərinin inkişafı üçün peşəkar menecment kadrlara ehtiyacın ödənilməsində komissiyanın üzərinə düşən vəzifələrə toxunub.

“ASK Business Consulting” şirkətinin rəhbəri Şəbnəm Nuriyeva qarşıdakı layihələr barədə komissiya üzvlərinə məlumat verərək, əməkdaşlığın yaratdığı müsbət nəticələri qeyd edib.

Azərbaycan Sahibkarlar Konfederasiyanın vitse-prezidenti Vüqar Zeynalov Komissiyanın fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib. O, idarəetmədə TRİZ metodlarından istifadə, korporativ idarəetmə qaydalarının, hesabatlılığın düzgünlüyü, risklərin idarə edilməsi, sistemləşmə, markalaşma mövzusunda öz təkliflərini irəli sürüb.

Komissiyanın görüşü gündəlikdəki məsələlərin müzakirəsi ilə yekunlaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.