İQTİSADİYYAT
Azərbaycan Sahibkarlar Konfederasiyası Rusiyanın Milli Taxıl Mərkəzi ilə anlaşma memorandumu imzalayıb
Bakı, 16 may, AZƏRTAC
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Rusiya Federasiyası Dövlət Elmi Büdcə Təşkilatı “P.P.Lukyanenko adına Milli Taxıl Mərkəzi” arasında anlaşma memorandumu imzalanıb.
ASK-dan AZƏRTAC-a bildirilib ki, Rusiya Dövlət Elmi Büdcə Təşkilatı “P.P.Lukyanenko adına Milli Taxıl Mərkəzi”nin direktoru, akademik Aleksandr Romanenkonun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyasında görüş keçirilib. Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun və müvafiq sahə üzrə fəaliyyət göstərən müxtəlif şirkətlərin nümayəndələri iştirak ediblər.
Rusiya nümayəndə heyətinin üzvləri görüş zamanı bildiriblər ki, yeni sortlar daha bol məhsul verir və hətta “Alekseyevka” sortu üzrə rekord məhsuldarlıq əldə olunub: hər hektardan 130 sentner. Azərbaycanda fermerlərə Rusiya taxılı adı ilə keyfiyyəti aşağı olan sortlar satılır və buna görə də seleksiyaçılar bu sahədə çalışan qurumlar, iş adamları ilə görüşmək qərarına gəliblər.
Azərbaycan Sahibkarlar Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Aqrar İnkişaf Komissiyası”nın üzvləri ilə fikir mübadiləsi aparan A.Romanenko Azərbaycandakı bir neçə taxıl sahəsinə baxış keçirdiyini və nəticələrdən razı qaldığını bildirib: “Bu qədər yolu qət edib gəldiyimə dəyər”.
Taxılçılıqla məşğul olan azərbaycanlı sahibkarlar bu sahədəki mövcud vəziyyət barədə məlumat veriblər. Xüsusən də yeni sortların coğrafi şəraitə uyğunlaşması ilə bağlı müzakirələr aparılıb.