SİYASƏT


Azərbaycan Sakit Okean Alyansının 2-ci Əməkdaşlıq Forumunda təmsil olunub

Bakı, 13 noyabr, AZƏRTAC

Noyabrın 12-də Sakit Okean Alyansının videokonfrans formatında 2-ci Əməkdaşlıq Forumu keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Alyansda müşahidəçi dövlət statusuna malik olan Azərbaycan 2-ci Forumun işində iştirak edib.

Forumun plenar iclasında çıxış edən Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə Azərbaycanın Qarabağ bölgəsinin dünya iqtisadi və mədəni münasibətlər sisteminə geri qayıtdığını diqqətə çatdırıb.

Xüsusilə qeyd edilib ki, Qarabağın mədəni paytaxtı və Qafqazın mədəni incisi olan, müsəlman Şərqində ilk operanın yazılmasına ilham verən Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edilməsi regional turizmin inkişafına böyük töhfə verəcək.

Forum iştirakçılarına multikultural irsin turizm sahəsində əhəmiyyəti, bu xüsusda Azərbaycanın malik olduğu zəngin dəyərlər və mədəni irs haqqında məlumat verilib. E.İskəndərov qeyd edib ki, bu sahədə Azərbaycan böyük təcrübəyə malikdir – ölkəmizdə dini və etnik mənsubiyyətindən asılı olmayaraq, bütün tarixi və mədəni abidələr qorunur və bərpa edilir.

Turizm və mədəniyyət sənayesinin sülhün bərpasında rolunu qeyd edən natiq bu sahədə təcrübəsi olan Azərbaycanın işğaldan azad edilmiş ərazilərini lazımi bərpa işlərindən sonra dünya iqtisadi münasibətlər və mədəni xəzinəsinə qaytaracağına, bunun da bölgədə sülhün möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.