İQTİSADİYYAT
Azərbaycan Sənaye Korporasiyası Britaniya Standartlar İnstitutu ilə əməkdaşlıq edəcək
Bakı, 16 dekabr, AZƏRTAC
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin və Britaniya Standartlar İnstitutunun Azərbaycandakı nümayəndəliyinin əməkdaşları arasında işgüzar görüş keçirilib.
ASC-dən AZƏRTAC- bildirilib ki, görüş zamanı korporasiyanın baş direktoru Kamran Nəbizadə və nümayəndəliyin ölkəmizdəki rəhbəri Səlim Səlimzadə iki ölkə arasında iqtisadi-ticari əməkdaşlığın inkişafı, beynəlxalq standartların biznes əlaqələrinə verə biləcəyi töhfələr və Britaniya Standartlar İnstitutunun Azərbaycan Sənaye Korporasiyası üçün səmərəli ola biləcək xidmətləri haqqında daha ətraflı məlumatlar hazırlanması barədə müzakirələr aparıblar.
Britaniya Standartlar İnstitutunun Standartların inkişafı şöbəsinin müdiri Çarlz Korri təmsil etdiyi qurumun fəaliyyəti və göstərdiyi xidmətlər haqqında danışıb.
Korporasiyanın strukturu, fəaliyyəti, tərkibində olan törəmə müəssisələr barəsində ətraflı məlumat verən baş direktor K.Nəbizadə qeyd edib ki, ölkədə qeyri-neft sektorunun inkişafına öz töhfəsini vermək, bu sektorda bəlli yerə və çəkiyə malik olmaq ASC-nin əsas məramlarından biridir. Fəaliyyət müddəti ərzində “Azərbaycan Sənaye Korporasiyası” ASC sənaye məhsulları istehsalının həcminin artırılmasına və keyfiyyətinin yüksəldilməsinə, ölkədə, əsasən də regionlarda yeni iş yerlərinin açılması yolu ilə əhalinin maddi rifahının yüksəldilməsinə yönəlmiş mühüm silsilə tədbirlər həyata keçirib.
Görüşün sonunda “Azərbaycan Sənaye Korporasiyası” ASC və Britaniya Standartlar İnstitutunun Azərbaycan nümayəndəliyinin əməkdaşları arasında birgə müzakirələrin davam etdirilməsi haqqında razılaşma əldə olunub. Britaniya Standartlar İnstitutu ilə yaxından əməkdaşlıq çərçivəsində korporasiya səmərəli biznes əlaqələri qurmaq və işgüzar münasibətləri genişləndirmək kimi imkanlar əldə edəcək.