İQTİSADİYYAT
Azərbaycan Sənaye Korporasiyası “Mitsubishi Corporation” ilə əməkdaşlıq əlaqələrini müzakirə edib
Bakı, 29 noyabr, AZƏRTAC
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə və Yaponiyanın “Mitsubishi Corporation” şirkətinin birinci vitse-prezidenti Kazuo İnadanın başçılıq etdiyi nümayəndə heyəti arasında işgüzar görüş keçirilib.
ASC-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Yaponiya arasında iqtisadi əlaqələrin gücləndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.
K.Nəbizadə korporasiyanın törəmə müəssisəsi olan “Azəralüminium” MMC–nin fəaliyyəti və inkişaf strategiyası barədə məlumat verib. Korporasiyanın digər törəmə müəssisəsi olan “ASK Şüşə” MMC-nin illik istehsal gücünün 80 milyon ədəd şüşə tara təşkil etdiyini vurğulayan baş direktor yaxın gələcəkdə İtaliyanın aparıcı şirkəti ilə imzalanacaq əməkdaşlıq müqaviləsinə əsasən, yeni avadanlığın quraşdırılmasından sonra müəssisənin illik istehsal gücünün iki dəfə artaraq 160 milyon ədədə çatacağını qeyd edib.
“Mitsubishi Corporation” şirkətinin nümayəndə heyətinə Azərbaycan Sənaye Korporasiyasının digər törəmə müəssisələrinin fəaliyyət sahələri haqqında da məlumat verilib. Şirkətin təmsilçiləri ASC ilə iş birliyinin qurulmasının istiqamətləri və uzunmüddətli əməkdaşlığın perspektivləri üzrə müzakirələrin aparılmasının vacibliyini vurğulayıblar.