İQTİSADİYYAT


Azərbaycan Sənaye Korporasiyasının fəaliyyətinin bir ili tamam olur

Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 6 noyabr tarixli Fərmanına əsasən yaradılan "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin bir ili tamam olur. Bununla əlaqədar olaraq bu gün korporasiyanın əməkdaşları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

"Azərbaycan Sənaye Korporasiyası" (ASK) Açıq Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, korporasiyanın yaradılması ölkə iqtisadiyyatının gələcək inkişafı istiqamətində atılan mühüm addımlardandır. Onun fəaliyyətinin əsas məqsədləri dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, idarəçiliyində olan müəssisələr arasında əlverişli kooperasiya əlaqələri yaratmaq, istehsal potensialının gücləndirilməsinə nail olmaqdır.

Bu il ərzində "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti sənaye məhsulları istehsalının həcminin artırılmasına və keyfiyyətinin yüksəldilməsinə, ölkədə, əsasən də regionlarda yeni iş yerlərinin yaradılması yolu ilə əhalinin maddi rifahının yüksəldilməsinə yönəlmiş mühüm silsilə tədbirlər həyata keçirib.

Hazırda "ASK" ASC tərəfindən qeyri-neft sektorunun müxtəlif sahələrini əhatə edən 17 törəmə müəssisə yaradılıb. Bunlardan sosial-iqtisadi əhəmiyyət kəsb edən bir sıra müəssisələri, o cümlədən "Azərpambıq" Aqrar Sənaye Kompleksini, "Azəripək" MMC-ni, "Azəralüminium" MMC-ni, "ASK Şüşə" MMC-ni, "Azərtütün" MMC-ni və digərlərini göstərmək olar. Pambıqçılıq sahəsində idarəetmə strukturu dəyişilib, maddi-texniki baza yenilənib, yeni pambıqyığan kombaynlar alınıb. Tütünçülük sahəsində fermerlərin əkin prosesi üzrə maarifləndirilmə işləri gedir. Tütün əkilən sahələr artırılıb və artmış yaşıl tütünün yığımı üçün 3 ay ərzində Balakən tütün qəbulu məntəqəsi tamamilə yenidən qurulub və yeni 60 ədəd tütünqurutma kameraları ilə təchiz olunub. Korporasiyanın mühüm alüminium və şüşə məmulatları istehsalı sahələrinin modernləşdirilməsi işləri davam edir və bu müəssisələrin strateji inkişaf planı hazırlanır.

Müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrin həyata keçirilməsi nəticəsində istehsal olunan məhsulların keyfiyyətinin beynəlxalq standartlar səviyyəsinə çatdırılması həmin müəssisələr tərəfindən istehsal edilən məhsulların dünya bazarlarına çıxarılmasına, Azərbaycan məhsullarına tələbatın artmasına, bu isə öz növbəsində, valyuta ehtiyatlarının çoxalmasına xidmət edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.