CƏMİYYƏT


“Azərbaycan Səninlədir, Sənsiz deyil” adlı IX yaradıcılıq festivalı keçirilib

Bakı, 14 iyun, AZƏRTAC

Milli Qurtuluş günü Münasibətilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin təqdimatında “Azərbaycan Səninlədir, Sənsiz deyil” IX yaradıcılıq festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, festivalda əvvəlcə Dövlət himni və “Azərbaycan” mahnısı səsləndirilib. Laureatların vətənpərvərlik mövzusunda çıxışları, rəqs nümunələri, kompozisiyalar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin bədii hissəsindən sonra çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Elmin İmanov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının dövlətçilik tariximizin şanlı səhifəsini təşkil etdiyini bildiriblər. Natiqlər qeyd ediblər ki, Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizamlı silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən bütün siyasi və diplomatik vasitələr işə salındı. Bir sözlə, Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində yeritdiyi ideyalar artıq Azərbaycanın gerçəkliyinə çevrilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.