İQTİSADİYYAT


Azərbaycan-Serbiya biznes forumu keçirilib

Bakı, 27 iyul, AZƏRTAC

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Serbiya biznes forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, iki ölkənin rəsmiləri ilə yanaşı, forumda Azərbaycan və Serbiyanın iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətləri iştirak edib.

Forumun əvvəlində Azərbaycanda qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində görülən ardıcıl və məqsədyönlü işlər, əldə olunan uğurlu nəticələr barədə məlumat verilib.

Serbiyanın Ticarət və Sənaye Palatası Prezidentinin müşaviri Srdjan Popovic ölkəsinin Azərbaycanla münasibətlərinin inkişafından bəhs edib və pozitiv dinamika ilə paralel olaraq iki ölkənin iş adamları arasında əlaqələrin də genişlənməkdə olduğunu diqqətə çatdırıb.

Biznes forumda Azərbaycan tərəfindən Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov Azad İqtisadi Zonaya dair ətraflı təqdimatla çıxış edərək bu zonanın investorlar üçün mühüm əhəmiyyətini diqqətə çatdırıb. Eləcə də serbiyalı iş adamları təqdimatlar ediblər.

Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iki ölkənin dövlət başçılarının səyləri, imzaladıqları mühüm sənədlər nəticəsində Azərbaycan-Serbiya əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, əməkdaşlıq gündəliyinin getdikcə genişləndiyini deyib. İki ölkənin ticarət dövriyyəsində ötən il 6,3 faiz, bu ilin yanvar-may aylarında 55,4 faiz artım olduğunu qeyd edib.

Nazir əməkdaşlığın daha geniş miqyas alması üçün böyük potensialın mövcud olduğunu diqqətə çatdırıb. Həmin potensiala uyğun olaraq və qarşılıqlı səylər nəticəsində əlaqələrin qarşıdakı dövrdə daha da inkişaf edəcəyinə əminliyini bildirib. Hökumətlərarası Komissiyanın iyulun 27-də keçirilən 6-cı iclasının, iclasın yekunlarına dair imzalanmış Protokolun da qeyd edilən istiqamətdə mühüm töhfə vermək məqsədi daşıdığını bildirib.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Qələbəsini, ərazilərimizin Ermənistanın işğalından azad edildiyini bildirən S.Babayev bildirib ki, Ermənistan tərəfindən dağıdılmış həmin ərazilərdə aparılan quruculuq işlərində dost ölkələrin iştirakı bu gün ölkəmiz üçün prioritet əhəmiyyət kəsb edir.

Nazir Serbiya şirkətlərinin də bu prosesə fəal şəkildə qatılacağına ümidvar olduğunu bildirib. O, Azərbaycanda əlverişli biznes mühitinin mövcud olduğunu qeyd edib. Ölkəmizdə dayanıqlı iqtisadi inkişafın təmin olunması, qeyri-neft sektorunun genişlənməsi istiqamətində əldə olunan irəliləyişləri diqqətə çatdırıb. Yaradılmaqda olan Ələt Azad İqtisadi Zonasının da qeyri-neft sektoru üzrə investorlar üçün cəlbedici olacağını deyib.

S.Babayev iki ölkənin iş adamları arasında biznes forumların, bu görüşlərdə qarşılıqlı maraq doğuran təqdimatların əlaqələrin daha da genişlənməsi, yeni əməkdaşlıq istiqamətlərinin formalaşması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Serbiya tərəfindən həmsədr, xarici işlər naziri Nikola Selakoviç ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini və ikitərəfli əməkdaşlığın genişlənməkdə olduğunu, bu prosesdə iş adamlarının da fəal rola malik olduqlarını deyib. O, keçirilən belə görüşlərin işgüzar əməkdaşlıq üçün mövcud imkanları müzakirə etməyə, faydalı nəticələrə imkan yaratdığını bildirib.

Serbiya şirkətlərinin nümayəndələri ilə gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadilələri aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.