CƏMİYYƏT


Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 103 illiyi münasibətilə mətbuat konfransı keçirilib

Bakı, 16 avqust, AZƏRTAC

Avqustun 16-da Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 103 illiyi münasibətilə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisinin müavini general-leytenant Abbas Xəlilov və Aparat rəhbəri, general-mayor Elçin İbrahimov birgə mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Sərhəd Mühafizəsinin yaranması, o cümlədən Vətən müharibəsindəki DSX-nin şəxsi heyətinin döyüş və xidməti fəaliyyətini əks etdirən videoçarx nümayiş edilib.

Videoçarxda xatırladılıb ki, Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti 44 günlük Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuraraq dövlət sərhədlərimizə tam nəzarətin həyata keçirilməsinə və sərhədlərimizin mühafizəsinə nail olunması yolunda əsl qəhrəmanlıq və şücaət nümayiş etdirdi. Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın Dövlət Sərhəd Xidmətinin qarşısında qoyduğu döyüş tapşırıqlarının uğurlu icrası üçün bütün qüvvə və vasitələr tam səfərbər edildi. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında şücaət və qəhrəmanlıq göstərdilər.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə son bir ildə 19 yeni hərbi hissə kompleksi, 110 sərhəd-döyüş məntəqəsi, İranla dövlət sərhədində işğaldan azad olunmuş ərazilərdə 14 sərhəd zastavasının fəaliyyəti bərpa olunub. “Eyvazlı” və “Qazançı” dövlət sərhədindən buraxılış məntəqələri inşa edilib, eləcə də “Füzuli” Beynəlxalq Hava Limanında sərhəd nəzarətinin işi təşkil olunub. 1452 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib, nəticədə 1530 ədəd piyada əleyhinə, 1762 ədəd tank əleyhinə mina və 245 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. İşğaldan azad edilmiş ərazilərdə 104 kilometr məsafədə yeni yollar çəkilib, 223,7 kilometr məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib.

Vurğulanıb ki, Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən bir nəfər Azərbaycan vətəndaşı saxlanılıb və 6 nəfər şübhəli şəxs qismində müəyyənləşdirilib. Terrorçuluğa qarşı mübarizə çərçivəsində 6 nəfər şəxs saxlanılıb. Qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 14 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. Sahil Mühafizəsində Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühafizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi və xilasetmə tədbirlərinin həyata keçirilməsi zamanı 8 halda 12 nəfər dənizdə batma təhlükəsindən xilas edilib.

Diqqətə çatdırılıb ki, sərhəd naryadları tərəfindən sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunması nəticəsində 2 halda 2 nəfər yaralanmış, 5 halda 5 nəfər sərhəd pozucusu zərərsizləşdirilib. Dövlət Sərhəd Xidmətinin bütün sahələrində ardıcıl həyata keçirilən islahatların səmərəliliyi ilk növbədə xidməti göstəricilərdə əksini tapıb. Azərbaycan sərhədçiləri tərəfindən son bir il ərzində 448 nəfər sərhəd pozucusu, 861 nəfər sərhəd rejim pozucusu saxlanılıb, 2 min 594 nəfər hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan, 5 nəfər özgəsinə məxsus, 289 nəfər saxta sənədlə dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılıb. Ümumi dəyəri təxminən 76 milyon 443 min 870 manat olan qaçaqmalın, o cümlədən 95 min 151 ədəd psixotrop dərman preparatının və 1 ton 14 kiloqram 275 qram narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Məlumat verilib ki, son bir ərzində Azərbaycan-Rusiya dövlət sərhədində demarkasiya işləri davam etdirilib,186 ədəd sərhəd nişanı quraşdırılıb. Onlardan 142 əsas, 44 köməkçidir.

Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə lazımi diqqət və qayğının göstərilməsi, yaralanmış hərbi qulluqçuların DSX Hərbi Hospitalında, respublikamız ixtisaslaşmış tibb müəssisələrində müayinəsi, müalicəsi, reabilitasiyası təmin olunmuş və onlardan ağır yaralanmış (xəsarət almış) hərbi qulluqçuların xarici ölkələrdə müalicəsi təmin edilib.

Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.