SİYASƏT
Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələri möhkəmlənir
Ər-Riyad, 3 mart, AZƏRTAC
Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı faydalı əlaqələrin daha da inkişaf etdirilməsi məsələsi müzakirə olunub.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil bin Əhməd Əl-Cübyerin Azərbaycanın bu ölkədəki səfiri Rasim Rzayevlə görüşündə Prezident İlham Əliyevin Kral Salman bin Əbdüləziz Al Səudun dəvəti ilə ötən il aprelin 5-7-də Səudiyyə Ərəbistanına rəsmi səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərə yeni dinamizm gətirdiyi və əməkdaşlığın inkişafı üçün geniş üfüqlər açdığı vurğulanıb.
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafına təkan verdiyi və əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyi qeyd olunub.
Görüş ölkənin aparıcı “Ər-Riyad” və “Əl-Cəzirə” qəzetləri, eləcə də Səudiyyə Xəbər Agentliyi tərəfindən geniş işıqlandırılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad