MƏDƏNİYYƏT


Azərbaycan Seulda keçirilən mədəniyyət festivalında təmsil olunub

Bakı, 17 oktyabr, AZƏRTAC

Koreya Respublikasının paytaxtı Seulun Yonqsan rayonunda “İtaewon Global Village Festival”ı keçirilib. Azərbaycan festivalda ölkəmizin Koreya Respublikasındakı səfirliyi və Bakının Qaradağ Rayonu İcra Hakimiyyətinin dəstəyi ilə yüksək səviyyədə təmsil olunub.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, 150 mindən çox insanın iştirak etdiyi festivalda Azərbaycana dair milli guşədə ölkəmizin tarixini, mədəniyyətini əks etdirən materiallar, o cümlədən xalçalar, milli geyimlər, musiqi alətləri, müxtəlif suvenirlər, Azərbaycana dair fotoşəkillər nümayiş etdirilib. Festivalın açılış mərasimində təşkil olunmuş konsert proqramında Azərbaycan rəqsləri və milli musiqisi təqdim olunub.

Qeyd edək ki, Azərbaycanın sözügedən festivalda təmsil olunması Bakının Qaradağ rayonu ilə Seulun Yonqsan rayonu arasında əməkdaşlıq əlaqələri çərçivəsində baş tutub.

Festivalla paralel olaraq Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Emil Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Qaradağ ilə Yonqsan rayonu arasında əməkdaşlıq əlaqələrin qurulması məqsədilə Koreya Respublikasında səfərdə olub.

Yonqsan Rayonu İcra Hakimiyyətində keçirilmiş görüşdə rayon icra hakimiyyətinin rəhbəri Sonq Çanq-hyonq, Azərbaycanın Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov və Qaradağ Rayonu İcra Hakimiyyəti başçısının müavini Emil Abbasov çıxış edərək ölkələrimiz arasında mehriban dostluq əlaqələrinin mövcud olduğunu qeyd ediblər. Natiqlər gələcəkdə iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini vurğulayıblar.

Sonra Qaradağ və Yonqsan rayonları arasında dostluq əlaqələrinin qurulmasına dair memorandum imzalanıb.

Görüşdə Azərbaycanın sosial-iqtisadi inkişafına dair videoçarx nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.