İQTİSADİYYAT
Azərbaycan Sığortaçılar Assosiasiyası Müşahidə Şurasının növbəti iclasını keçirib
Bakı, 10 iyul, AZƏRTAC
Azərbaycan Sığortaçılar Assosiasiyası (Birliyin) nəzarət orqanı olan Müşahidə Şurasının növbəti iclasını keçirib.
Birlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə qurumun sədri Mustafa Abbasbəyli birliyin fəaliyyəti, görülən işlər barədə məlumat verib. Baden-Badendə “Azərbaycan gecələri” adlı tədbirin keçirilməsinə dair mövzu geniş müzakirəyə səbəb olub. Sığortaçılar tədbirin keçirilməsi ilə bağlı fikirlərini bildirib. Əvvəlki illərdə keçirilən bu tədbirin Azərbaycan sığorta sektoruna təsiri dəyərləndirilib və onun Azərbaycan sığorta bazarı üçün üstünlükləri və faydasından bəhs edilib. Digər bir sıra təşkilati məsələlərin dəqiqləşdirilməsi məqsədilə mövzunun yenidən müzakirəsi qərara alınıb.
Birlik sədri Müşahidə Şurasının iclasında birliyə üzv şirkətlərin üzvlük haqqının yeni metod – şirkətlərin bazar payına olan nisbəti əsasında ödənilməsi təklifi ilə çıxış edib. Bu qaydaya əsasən hər ilin üzvlük haqlarının şirkətin keçənilki yığımlarına müvafiq müəyyən ediləcəyi bildirilib. Burada məqsəd şirkətin birliyə ödəyəcəyi vəsaitin onun bazar payına mütənasib olmasından ibarət olduğu qeyd edilib. Bütün sığorta şirkətlərinin bununla bağlı mövqeyinin müəyyən edilməsi üçün məsələnin digər sığorta şirkətləri ilə də paylaşılması və daha sonra buna dair qərar verilməsi razılaşdırılıb.
Xatırladaq ki, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin kollegial orqanı olan Müşahidə Şurası birliyin nəzarət orqanıdır və birliyin Nizamnaməsinə əsasən Müşahidə Şurası 9 üzvdən ibarətdir.