İQTİSADİYYAT
Azərbaycan Sığortaçılar Assosiasiyasında həyatın yaşam sığortası üzrə İşçi Qrupunun növbəti görüşü olub
Bakı, 14 mart, AZƏRTAC
Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) həyatın yaşam sığortası üzrə İşçi Qrupunun növbəti görüşü olub.
ASA-dan AZƏRTAC-a bildiriblər ki, görüş ASA-nın sədri Mustafa Abbasbəyli və həyat sığorta şirkətləri nümayəndələrinin iştirakı ilə təşkil edilib.
Tədbirdə “Sosial sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa nəzərdə tutulmuş dəyişikliklə əlaqədar Dövlət Sosial Müdafiə Fonduna sığortaçılar tərəfindən müraciətin ünvanlanması məsələsi müzakirə edilib. Müraciətdə qeyd olunması zəruri hesab edilən hallar vurğulanıb, mövcud durumun sığortaçıları qane etməsi ilə yanaşı, bunun sığorta sektoruna verdiyi töhfələrdən bəhs edilməsinin məqsədəmüvafiq olduğu bildirilib. Məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası və tələb olunduğu halda, Milli Məclisə müraciət edilməsinə dair fikirlər də səsləndirilib.
Qeyd edək ki, “Sosial sığortalar haqqında” Qanuna əsasən 3 ildən az olmayan müddətdə həyatın yığım sığortasına qoşulmuş vətəndaşlar məcburi dövlət sosial sığortalardan azaddır. Dövlət Sosial Müdafiə Fondu həmin maddəyə düzəliş edilməsi üçün müvafiq addımlar atmaq niyyətindədir. Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasının nəzdində İşçi Qrupu formalaşdırılıb.