İQTİSADİYYAT
Azərbaycan Sığortaçılar Assosiasiyasında sığortaçıların təlim-tədrisi mövzusunda görüş keçirilib
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) sığortaçıların təlim-tədris proqramlarının yaradılması və müvafiq istiqamətlər üzrə təlimlərin təşkili üzrə görüş keçirilib.
ASA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, qeyd edib ki, sığorta bazarının inkişafı üçün sığorta münasibətlərinin peşəkar iştirakçılarının (vasitəçilər, ekspertlər, qiymətləndiricilər, yardımçı fəaliyyətlə məşğul olan digər şəxslər) bilik və təcrübə səviyyələrinin artırılmasına böyük ehtiyac var.
O, həmçinin qeyd edib ki, ASA-da sığorta bazarında bilik səviyyəsinin artırılması üzrə xüsusi inkişaf strategiyası hazırlanmaqdadır.
Görüşdə sığorta şirkətlərinin təlim ehtiyaclarının öyrənilməsi məqsədilə sorğunun keçirilməsi və gələn tələblər əsasında fərqli kəsimlər üzrə təlim layihələrinin hazırlanması – proqramların yazılması və beynəlxalq səviyyəli peşəkar təlimlərin təşkili üzrə müvafiq işlərə başlamaq barədə qərar qəbul edilib.
Qeyd edək ki, indiyədək ASA-nın təşkilatçılığı ilə aktuari, agentlərin sertifikasiyası, PSS (Peşəkar Sığortaçı Sertifikasiyası) və CII Award in General Insurance təlimləri keçirilib.