İQTİSADİYYAT
Azərbaycan Sığortaçılar Assosiasiyasının komitələrinin statusu artırılacaq
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə ASA-da fəaliyyət göstərən komitələrin sədrləri ilə görüş keçirilib.
ASA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə komitələrin fəaliyyəti, burada müzakirə olunmuş məsələlər, cari müzakirələr və əldə edilən nəticələr haqqında məlumat verilib. Həmçinin, komitələrin statusunun artırılması və fəaliyyətinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Bununla yanaşı, komitə çərçivəsində qəbul edilən qərarlara dair müraciətlərin birbaşa olaraq müvafiq orqanlara ünvanlanması məsələsi müzakirə mövzusu olub.
Görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli qeyd edib ki, komitələrin fəaliyyətindən gözləntilər çoxdur və bunun üçün ASA tərəfindən hər cür dəstək təmin olunacaq, komitələrlə işləmək üçün xüsusi əməkdaş da işə cəlb edilib.
Qeyd edək ki, bir müddət öncə ASA-nın nəzdində fəaliyyət göstərən hər 3 komitənin yeni sədrləri və üzvləri formalaşdırılıb. Hüquq komitəsinin sədri “Atəşgah Sığorta” ASC-nin Hüquqi təminat şöbəsinin müdiri Səbuhi Mikayılov, Həyat komitəsinin sədri “Paşa Həyat Sığorta” ASC-nin Risklərin İdarəedilməsi Departamentinin müdiri Fərid Abdullayev və Qeyri-həyat komitəsinin sədri “Paşa Sığorta” ASC-nin Anderraytinq və Təkrarsığorta Departamentinin meneceri Fərid Hidayətovdur.