İQTİSADİYYAT
Azərbaycan Sığortaçılar Assosiasiyasının saytı yenilənib
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) İctimai Birliyinin rəsmi saytı (www.asa.az) yenilənib.
ASA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, saytda istifadəyə verilən “Şirkətlər üzrə rəy” bölməsi istehlakçıların sığorta şirkətləri barədə həm müsbət, həm mənfi rəyinin bildirilməsi üçün nəzərdə tutulub. Qeyd olunan rəylər müvafiq qaydada araşdırılacaq və yalnız həmin rəyin doğruluğunun təsdiq edilməsindən sonra rəydə haqqında bəhs edilən şirkətə müvafiq bal veriləcək.
Bu funksiya sığorta şirkətləri tərəfindən müştərilərə göstərilən xidmətlər əsasında onların reytinq səviyyələrinin müəyyənləşdirilməsi, sığortaçılarla sığortalılar arasında yaranan mübahisələrin həllinə nail olunması, həmçinin mənfi qiymətləndirilən halın aradan qaldırılması yolu ilə şirkətlər arasında rəqabətin artımına və sığorta bazarının inkişafına təkan verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Xatırladaq ki, ASA 2006-cı ildən fəaliyyət göstərir. Azərbaycan sığorta bazarının 20 sığorta şirkəti və bir təkrarsığorta şirkəti ASA-nın təsisçisidir. Birliyin əsas məqsədi Azərbaycan Respublikasında fəaliyyət göstərən və birliyin təsisçiləri olan sığorta şirkətlərinin və təkrarsığorta şirkətinin, eyni zamanda, sığorta vasitəçilərinin və sığorta sahəsində yardımçı fəaliyyət göstərən, sığorta sahəsi ilə əlaqədar olan digər hüquqi şəxslərin inkişaf etməsinə kömək göstərilməsindən ibarətdir.