ORDU
Azərbaycan Silahlı Qüvvələr Günü İslamabadda qeyd olunub
İslamabad, 26 iyun, АZƏRTAC
Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının təşkilatçılığı ilə 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə rəsmi tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Pakistan Silahlı Qüvvələrinin generalları, zabitləri və Azərbaycanın Pakistandakı səfirliyinin diplomatları iştirak ediblər.
Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Pakistandakı hərbi attaşesi polkovnik Mehman Novruzov Silahlı Qüvvələrimizin yaranma tarixi, inkişaf yolu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, həmçinin Azərbaycan ilə Pakistan arasında ikitərəfli hərbi əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri, ölkəmizin ordu quruculuğunda əldə etdiyi uğurlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
M.Novruzov 2016-cı ilin aprelində Dağlıq Qarabağda işğalçı Ermənistan ordusunun təxribatının qarşısının alınması məqsədilə Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatlarından və Naxçıvan Muxtar Respublikasında Günnüt kəndi də daxil olmaqla, böyük ərazilərin və strateji yüksəkliklərin işğaldan azad edilməsi ilə nəticələnən 2018-ci ilin may hərbi əməliyyatlarından danışıb. İki qardaş ölkə - Azərbaycan və Pakistan arasında yüksək səviyyəli münasibətlərin olduğunu qeyd edən M.Novruzov, bu əlaqələrin hərbi, hərbi-təlim və hərbi-texniki sahələri də əhatə etdiyini və hərbi münasibətlərin dinamik inkişaf etdiyini vurğulayıb. O, yaxın vaxtlarda Azərbaycan ilə Pakistan xüsusi təyinatlılarının birgə təlimlərinin keçiriləcəyini və belə təlimlərin iki qardaş ölkənin Silahlı Qüvvələri arasında təcrübə mübadiləsi və qarşılıqlı anlaşmanın əldə olunması baxımından çox əhəmiyyətli olduğunu bildirib.
Pakistan Silahlı Qüvvələri Birləşmiş Qərargahının Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, aviasiya vitse-marşalı İrfan Zaka ölkənin Birləşmiş Qərargah rəisləri komitəsinin sədrinin təbriklərini çatdırıb, Azərbaycan və Pakistanın hərbi əməkdaşlığının ilbəil güclənməsindən danışıb, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətlənməsinin sevindirici olduğunu vurğulayıb.
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə ölkələrimizin ortaq dəyərlərə və bağlara sahib olduğunu, ölkəmizin müstəqilliyini yenidən bərpa etdikdən sonra, Azərbaycanla Pakistan arasında strateji tərəfdaşlıq, qarşılıqlı inam və hörmətə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin yarandığını qeyd edib. Ali Baş Komandan, Prezident İlham Əliyevin Pakistanla əlaqələrə xüsusi diqqət verdiyini bildirən səfir bunun nəticəsində hərbi sahədə də qarşılıqlı əməkdaşlığın dərinləşdiyini, həyata keçirilən birgə layihələrin mütəmadi olaraq artdığını diqqətə çatdırıb. Səfir Pakistan və Azərbaycanın bütün beynəlxalq təşkilatlarda və forumlarda bir-birini dəstəklədiyini, Dağlıq Qarabağ və Kəşmir məsələsinin BMT qətnamələri və beynəlxalq hüququn normaları əsasında həllinin tərəfdarı olduqlarını bildirib. Diplomat Pakistanın Azərbaycanın ədalətli mövqeyinin tərəfdarı və dəstəkçisi olmasının daim məmnunluq doğurduğunu deyib.
Azərbaycan Silahlı Qüvvələri Gününün Pakistanın Birləşmiş Qərargahında qeyd edilməsinin möhkəm əməkdaşlığa, strateji dostluq və qardaşlığa əsaslanan Pakistan-Azərbaycan əlaqələrinin daha bir təzahürü olduğunu bildirən Ə.Əlizadə bu təşəbbüsə və təşkilatçılığa görə Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrinə və heyətinə təşəkkürlərini çatdırıb.
Sonda Pakistan Birləşmiş Qərargahının Fəxri qonaqlar kitabında xatirə sözləri yazılıb və hər iki tərəfdən rəsmi hədiyyələr təqdim olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad