REGİONLAR
Azərbaycan Silahlı Qüvvələri Ermənistanın torpaq iddialarına 44 gün ərzində tutarlı cavab verdi
Ağdaş, 17 sentyabr, AZƏRTAC
Ağdaşda Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib. Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə rayon ağsaqqalları, Vətən müharibəsi iştirakçıları, şəhid ailələrinin üzvləri, fəal gənclər iştirak ediblər.
AZƏRTAC–ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çay süfrəsi arxasında keçirilən tədbiri Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov açaraq, erməni daşnaklarının yeni torpaq iddialarına, törətdikləri növbəti təxribata Azərbaycan Silahlı Qüvvələrinin ötən il sentyabrın 27-dən etibarən 44 gün ərzində tutarlı cavab verdiyini bildirib. Qeyd olunub ki, sentyabrın 27–də Vətən müharibəsi başladı və xalqımız bir yumruq kimi birləşdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni ordusuna diz çökdürüldü, 30 ildən bəri işğal altında olan torpaqlarımız qısa vaxtda azad edildi. Əlbəttə, tarixi qələbə heç də asanlıqla qazanılmayıb, şəhidlərimiz də olub.
Azad Gözəlov Vətən müharibəsində Ağdaşdan 1000-dən çox gəncin könüllü olaraq döyüşlərə qatıldığını, onlardan 32-nin şəhidlik zirvəsinə ucaldığını söyləyib.
Tədbirdə Polis Veteranları Şurasının sədri, ağsaqqal Elman Qurbanov, rayon Ağsaqqallar Şurasının sədri Rafiq Nəbiyev, şəhid atası Ayaz Vəliyev, şəhid qardaşı Emil Səlimov, qazilər Murad Səfərəliyev, Vüsal Mehdiyev və başqaları çıxış edərək, sentyabrın 27-də başlanan Vətən müharibəsindəki qələbənin Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli, uzaqgörən, müdrik siyasətin nəticəsi olduğunu diqqətə çatdırıblar. Çıxışlarda, habelə şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən dövlət qayğısından, erməni vandalları tərəfindən dağıdılan Qarabağda aparılan irimiqyaslı bərpa, tikinti-quruculuq və abadlıq işlərindən danışılıb.