CƏMİYYƏT


Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Respublika Hərbi Prokurorluğunda tədbir keçirilib

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 103-cü ildönümü ilə əlaqədar iyunun 25-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin iştirakı ilə Hərbi Prokurorluqda tədbir keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin Hərbi Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyublar.

Tədbirdən əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qazilərə şəfa dilənib.

Baş prokuror Kamran Əliyev tədbirdə çıxış edərək ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik konsepsiyasını və ordu quruculuğunu inamla reallaşdıran Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi hərtərəfli düşünülmüş müdrik dövlət siyasəti və səriştəli idarəçiliyi, zabitlərimizin, əsgərlərimizin qəhrəmanlığı sayəsində əzəli torpaqlarımızın işğaldan azad edilərək, Silahlı Qüvvələrimizin 103-cü ildönümünün ölkəmizin hər bir diyarında üçrəngli bayrağımızın dalğalanması sevinci və təntənəsi ilə qeyd edildiyini bildirib.

Böyük Zəfərin əldə edilməsində dövlətimizin başçısının həyata keçirdiyi köklü islahatların və kompleks tədbirlərin nəticəsi olaraq Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir ordunun formalaşdırılması mühüm rol oynamaqla yanaşı, həyata keçirilən effektiv xarici siyasətin hərbi-siyasi qələbəmizi şərtləndirməklə ölkəmizin regional liderliyini birmənalı təsbit etdiyi vurğulanıb.

Diqqətə çatdırılıb ki, döyüş meydanında uğurların əldə edilməsində aparılmış islahatlarla yanaşı, hərbi qulluqçuların xidmət şəraitinin müasirləşdirilməsi, onların sosial və məişət məsələlərinin həlli, əmək haqlarının davamlı olaraq artırılması, imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, eləcə də dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri, müharibə əlilləri və veteranları ilə mütəmadi olaraq görüşləri, onların qayğıları ilə maraqlanmaları, problemlərini həll etmələri olub. Bütün bunlar Vətən uğrunda xidmətləri olan insanlara yüksək diqqətin təcəssümü olmaqla bərabər, hərbi qulluqçularımızda böyük ruh yüksəkliyi yaradaraq qələbə əzmini daha da artırıb. Sevindirici haldır ki, müharibədən sonra da bu diqqət ən yüksək səviyyədə göstərilməklə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələri, qazilər, eləcə də müharibə iştirakçıları Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna qayğısı ilə əhatə olunub. Bu qəbildən olan şəxslərin maddi-sosial problemlərinin aradan qaldırılması istiqamətində yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondunun yaradılması mühüm əhəmiyyətə malikdir.

“Qarabağ Azərbaycandır və nida” devizini gerçəkliyə çevirən dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşaya və azad olunmuş digər rayonlara səfərləri, orada üçrəngli Azərbaycan bayrağının ucaldılması, Füzuli-Şuşa, Bərdə-Ağdam, Zəngilan-Horadiz avtomobil yollarının, həmçinin Füzuli və Zəngilan beynəlxalq hava limanlarının təməlinin qoyulması, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarının tətbiqinin doğma torpaqlarımıza “Böyük Qayıdış”ın rəmzi ifadəsi olduğu bildirilib.

Xüsusi vurğulanıb ki, Azərbaycan dövləti və xalqı üçün əlamətdar olan bir gündə - iyunun 15-də Şuşada imzalanan Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında müstəsna siyasi və tarixi əhəmiyyətə malik Bəyannamə Qarabağ zəfərindən sonra qazanılan növbəti tarixi uğur olmaqla iki dost və qardaş ölkə arasında mövcud əlaqələri və əməkdaşlığı yeni mərhələyə yüksəldib.

Tədbirdə hərbi-siyasi qələbəmizlə başa çatan Vətən müharibəsi zamanı cəmiyyətimizlə bərabər səfərbər olan prokurorluq orqanlarının aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyi, xüsusən döyüş əməliyyatlarının aparıldığı şəraitdə mümkün olan bütün istintaq-əməliyyat tədbirlərini uğurla icra etdiyi qeyd edilməklə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 31 dekabr tarixli Sərəncamı ilə 38 nəfər prokurorluq əməkdaşının, o cümlədən hərbi prokurorluq orqanlarının 9 əməkdaşının yüksək dövlət mükafatları - orden və medallarla təltif edilməsinin Azərbaycan Prokurorluğuna dövlətimizin başçısı tərəfindən göstərilən inamın ifadəsi və dövlətçiliyimizin maraqlarının qorunması işində prokurorluğun fəaliyyətinə verilən yüksək etimad kimi dəyərləndirildiyi bildirilib.

Qeyd edilib ki, Silahlı Qüvvələrdə nizam-intizamın, qanunçuluq və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqamətində əldə olunan müsbət nəticələrdə Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər dövlət qurumları arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin böyük əhəmiyyəti olub.

Hərbi Prokurorluq orqanları qarşısında duran vəzifələrin önəmini diqqətə çatdıran Baş prokuror Kamran Əliyev işğaldan azad edilmiş ərazilərin yenidən həyata qaytarılmasının dövlət siyasətinin prioritetini təşkil etdiyini bildirməklə dövlətimizin başçısının Sərəncamı ilə həmin ərazilərdə yaradılmış yeni hərbi prokurorluqların qısa zamanda fəaliyyətə başlamasının mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Baş prokurorun müavini – Respublika Hərbi prokuroru Xanlar Vəliyev tədbirdə çıxış edərək hərbi prokurorluq orqanlarına göstərilən yüksək diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib, qurumun qarşısında duran vəzifələrin həyata keçirilməsi ilə bağlı görülən işləri diqqətə çatdırıb.

Tədbirin sonunda Baş Prokurorluq üzrə müvafiq əmrlə həvəsləndirilmiş bir qrup əməkdaşa mükafatlar təqdim edilib. Həmçinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun kollektivinin qanunçuluğun və hüquq qaydasının, o cümlədən Silahlı Qüvvələrdə nizam-intizamın daha da möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və cinayətkarlığa qarşı mübarizə istiqamətindəki səmərəli fəaliyyətinin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.