ORDU
Azərbaycan Silahlı Qüvvələri düşmənin mövqelərinə 121 dəfə atəş zərbəsi endirib VİDEO
Bakı, 4 may, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 120 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikasının İcevan rayonunun Paravakar, Berkaber kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Tovuz rayonunun Əlibəyli və Koxanəbi kəndlərində, Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Nəmirli, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq, düşmənin mövqelərinə və səngərlərinə 121 dəfə atəş zərbəsi endirib.