ORDU
Azərbaycan Silahlı Qüvvələri düşmənin yalnız hərbi obyektlərinə cavab zərbələri endirib VİDEO
Bakı, 26 aprel, AZƏRTAC
Aprelin 26-sı saat 01.05-dən başlayaraq saat 04.25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhəri və rayonun ərazisi, eləcə də Qapanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və BM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin yalnız hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.
Müdafiə Nazirliyi bildirir ki, bundan sonra cəbhə xəttində baş verəcək hər hansı hadisəyə görə məsuliyyəti Ermənistanın kriminal hərbi-siyasi rəhbərliyi daşıyacaq.