SİYASƏT
Azərbaycan Silahlı Qüvvələri xalqımızın güvənc yeridir
Bakı, 26 iyun, AZƏRTAC
26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü hər il ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Çünki ordumuz xalqımızın güvənc yeridir. Təsadüfi deyil ki, bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasındadır.
Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva AZƏRTAC-a açıqlamasında deyib.
S.Fətəliyeva bildirib ki, Azərbaycan Ordusu ən müasir silahlarla, hərbi texnika və müdafiə təyinatlı qurğularla tam təchiz edilib. Ordumuzun hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olduğunu son dövrlərdə qazanılan hərbi uğurlar da aydın surətdə göstərir: “Azərbaycan Ordusunun qüdrəti gündən-günə artır, qələbələr, nailiyyətlər bir-birini əvəzləyir. Ordumuzun Aprel döyüşlərində qazandığı qələbə, eləcə də 2018-ci ildə həyata keçirdiyi uğurlu Naxçıvan əməliyyatı işğal atındakı torpaqlarımıza tam nəzarət etməyə imkan verir. Bu əməliyyat nəticəsində əldə edilmiş yüksəkliklər strateji xarakter daşıyır. Bu yüksəkliklər Azərbaycan Ordusuna Ermənistanı Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət etmək imkanı yaradır. Aprel döyüşləri və Naxçıvan əməliyyatı bir daha göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü hərbi yolla bərpa etməyə qadirdir”.
Deputat qeyd edib ki, ordunun kadr potensialının artırılması, şəxsi heyətin bilik və bacarığının, döyüş ruhunun yüksəldilməsi, hərbçilərin sosial problemlərinin həlli dövlətin qarşıya qoyduğu prioritet məsələlərdəndir. Ali Baş Komandan İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi, bu məsələnin də öhdəsindən layiqincə gəlib. Artıq Azərbaycan hərbçisinin qarşısında bir hədəf var: ərazilərimizin işğaldan azad edilməsi.
“İyunun 25-də Prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında ordu quruculuğundan danışarkən bildirdi ki, biz müharibə şəraitində yaşayırıq və belə olan halda ordu ilə bağlı bütün məsələlər ən başlıca vəzifədir. Dövlətimizin başçısı Dağlıq Qarabağ münaqişəsinə toxunaraq qeyd etdi ki, biz münaqişə ilə bağlı mövqeyimizdə möhkəm dayanmışıq və bir addım geri atmayacağıq. Beynəlxalq təşkilatlar indi ərazi bütövlüyü prinsipini xüsusilə qeyd edirlər. Avropa İttifaqının sonuncu Şərq Tərəfdaşlığı zirvə görüşündə çıxış edənlərin, dünya liderlərinin bir çoxları bu məsələyə aydınlıq gətirdilər. Ərazi bütövlüyü prinsipi insanların, xalqların öz müqəddəratını təyin etmək prinsipindən üstündür. Heç kimin bu haqda şübhəsi olmasın. Cənab Prezident qeyd edib ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına biz heç cür imkan verə bilmərik”, - deyən S.Fətəliyeva söyləyib ki, Ermənistan və ona havadarlıq edən qüvvələr Azərbaycan Ordusunun gücünü və qüdrətini artıq bilir. Düşmən bilir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və işğal altındakı torpaqlarımızı azad edəcək.