SİYASƏT


Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Vyanada qəbul keçirilib

Vyana, 26 iyun, AZƏRTAC

İyunun 25-də Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində Silahlı Qüvvələrimizin yaranmasının 100-cü ildönümünə həsr olunmuş qəbul təşkil edilib.

Tədbirdə əvvəlcə Azərbaycanın və Avstriyanın dövlət himnləri səsləndirilib.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov çıxışında tam bir əsr öncə əsası qoyulan Azərbaycan Silahlı Qüvvələrinin tarixindən bəhs edib. Qeyd edilib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ölkədə sistemli ordu quruculuğuna start verildi. Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Cənubi Qafqazda ən güclü və yüksək döyüş hazırlığına malik orduya malikdir. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan dövlətinin qüdrətinin əsas tərkib hissəsinə çevrilib. Ordusunu müasir hərbi texnika ilə təmin edən Azərbaycan dövləti, eyni zamanda, güclü hərbi sənaye quruculuğuna da nail olub.

Azərbaycan Silahlı Qüvvələrinin Avstriyadakı səfirliyi nəzdindəki hərbi nümayəndəsi, polkovnik-leytenant Azər Heybətli Silahlı Qüvvələrimizin tarixi, onun keçdiyi şanlı yol və hazırkı inkişafı barədə danışıb. Qeyd edilib ki, 2016-cı ilin Aprel döyüşləri zamanı düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Silahlı Qüvvələri əhalinin təhlükəsizliyini təmin etməyə və ölkənin ərazi bütövlüyünü bərpa etməyə qadir olduğunu əyani şəkildə nümayiş etdirdi. Ciddi nizam-intizama malik, mənəvi-psixoloji cəhətdən yüksək əhval-ruhiyyədə olan Azərbaycan Silahlı Qüvvələrinin kiçik bir hissəsi qısa müddətdə mühüm strateji yüksəklikləri düşməndən azad edərək öz yüksək peşəkarlıq, hərbi qüdrət və döyüş əzmini sübuta yetirdi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazilərinin 20 faizinin işğal edildiyini və ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkünün olduğunu diqqətə çatdıran hərbi nümayəndə bu gün Azərbaycan Silahlı Qüvvələrinin ən başlıca məqsədimiz olan Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək qüdrətində olduğunu diqqətə çatdırıb.

Tədbir boyunca böyük ekranda təbliğat xarakterli videoçarxlar nümayiş etdirilib, eləcə də hərbi marşlarımız səsləndirilib. Səfirliyin tədbir salonunda Azərbaycanlı Silahlı Qüvvələrinin hərbi qüdrətini əks etdirən fotosərgi nümayiş etdirilib.

Mərasim ziyafətlə başa çatıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.