CƏMİYYƏT
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusuna işgəncə verilməsi faktı ilə bağlı cinayət işi başlanıb
Bakı, 13 aprel, AZƏRTAC
Bəzi media və sosial şəbəkə səhifələrində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun ərazisindən əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistan Respublikası ərazisində əsir düşməsi və ona əlləri bağlı şəkildə açıq-aydın işgəncə verilməsi, qeyri-insani rəftara məruz qalmasına dair videogörüntülər yayılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yayılmış həmin videogörüntülərlə bağlı prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 115.2-ci (əsir düşmüş şəxslərə işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd olunan videogörüntülərlə bağlı zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə hərbi qulluqçumuza qarşı işgəncə verən, qəddar və qeyri-insani rəftar edən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür.
Bəyan edirik ki, Azərbaycan vətəndaşlarına qarşı qanunsuz əməllərə yol verən şəxslərin milli və beynəlxalq məhkəmə məsuliyyətinə cəlb edilməsi məqsədilə xarici ölkələrin müvafiq orqanlarına müraciətlərin göndərilməsi və həmin şəxslərin cəzalandırılması üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi təmin olunacaq.
İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.