SİYASƏT
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi Tbilisidə təntənəli qeyd olunub
Tbilisi, 26 iyun, AZƏRTAC
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə Gürcüstanın paytaxtı Tbilisidə təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin, Gürcüstanın müdafiə naziri Levan İzoriyanın, diplomatik korpusun əməkdaşlarının, xarici ölkələrin hərbi attaşelərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.
Azərbaycanın Gürcüstandakı səfirliyindəki hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov çıxışında Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixinə nəzər salıb. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə eyni tarixdə yaradılan Azərbaycan Ordusu müəyyən səbəblərdən 1920-ci ildə iflasa uğrasa da ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra yenidən qurulub. Azərbaycan Silahlı Qüvvələri bu gün daha möhkəm, müasir infrastruktura, texnika və silahlara malikdir. Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, quru qoşunları və digər strukturlarımız bu gün ən yüksək standartlara cavab verir.
O, Azərbaycan Prezident İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, bu diqqət nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün beynəlxalq sülhyaratma əməliyyatlarında iştirak edir.
Ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu vurğulayan attaşe bildirib ki, Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı düşmən tapdağından tez bir zamanda azad etməyə qadirdir. 2016-cı ilin Aprel döyüşləri bunu bir daha sübut etdi. Bununla belə, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə üstünlük verir.
F.İbrahimov Azərbaycan və Gürcüstan Silahlı Qüvvələrinin əməkdaşlığından da danışıb, silahlı qüvvələrimizin həm ikitərəfli, həm də çoxtərəfli formatlarda səmərəli əməkdaşlıq etdiyini xüsusi qeyd edib.
Sonra Gürcüstanın müdafiə naziri Levan İzoria çıxış edərək Azərbaycan Prezidentini və xalqımızı bayram münasibətilə təbrik edib. Bildirib ki, ölkələrimiz müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, hərbi sahədə də uğurlu əməkdaşlıq edirlər. Nazir Gürcüstan, Azərbaycan və Türkiyə Silahli Qüvvələrinin çox uğurlu əməkdaşlıq etdiklərini xüsusi qeyd edib. Bu əməkdaşlığın strateji tərəfdaşlığımızın bariz nümunəsi olduğunu vurğulayıb.
Sonra yubiley tortu kəsilib.
Daha sonra Azərbaycan Ordusunun yaranması, inkişafı və bugünkü qüdrətindən bəhs edən videoçarx nümayiş olunub.