CƏMİYYƏT
Azərbaycan Sofiyada keçirilən xeyriyyə bazarında təmsil olunub VİDEO
Sofiya, 5 dekabr, AZƏRTAC
Azərbaycanın Bolqarıstandakı səfirliyi hər ilin dekabr ayında Sofiyada Beynəlxalq Qadınlar Klubu tərəfindən təşkil olunan sayca 23-cü xeyriyyə bazarında (Charity Bazaar) ölkəmizi təmsil edib.
AZƏRTAC xəbər verir ki, səfirliyin əməkdaşları milli mətbəximizin ləziz nümunələrini, xalqımızın mədəniyyətini, tarixi irsini, milli geyimlərini, ölkəmizin turizm potensialını nümayiş etdiriblər. Tədbir iştirakçılarına müxtəlif broşür, buklet, Azərbaycanın turistik məkanlarının əks olunduğu xəritələr və s. paylanılıb. Azərbaycan mədəniyyətinin ayrı-ayrı istiqamətləri və ölkəmizin turizm potensialına həsr edilmiş jurnal və nəşrlər iştirakçıların marağına səbəb olub.
İştirakçıların əksəriyyəti əvvəllər Azərbaycanın paytaxtı Bakıya səfər etdiklərini söyləyib, paytaxtımızla bağlı xoş təəssüratlarını bölüşüblər. Qonaqlar Azərbaycan milli mətbəxinin səfirlik tərəfindən təqdim olunmuş nümunələrini dadıblar. Həmçinin “Made in Azerbaijan” brendinin təbliği məqsədilə Azərbaycan stendində AZNAR şirkətinin istehsalı olan “Grante” nar şirələri və narşərabları nümayiş olunub və iştirakçılar tərəfindən böyük həvəslə alınıb. Səfirlik satışdan əldə edilən vəsaiti Bolqarıstanda həssas təbəqələrdən olan insanlara yardım məqsədilə tədbirin təşkilatçısına - Beynəlxalq Qadınlar Klubuna təhvil verib.
Ölkəmizin xeyriyyə bazarında iştirakı Bolqarıstan KİV-ləri tərəfindən geniş işıqlandırılıb. Bolqarıstanın aparıcı “Focus” xəbər agentliyinin internet səhifəsində Azərbaycan stendi barədə məqalə və səfir Nərgiz Qurbanovanın xeyriyyə bazarı ilə bağlı müsahibəsi yerləşdirilib.
Qeyd edək ki, səfirlik, həmçinin ötən il keçirilmiş 22-ci xeyriyyə bazarında iştirak edib. Bazar ziyarətçilərinin sayı təxminən 11 min nəfər təşkil etmişdi. Xeyriyyə bazarında təmsil olunan səfirlik hər kvadratmetrə düşən gəlirə görə 79 stend arasında 9-cu yeri tutmuşdu.
Xeyriyyə bazarı iştirakçı ölkələrə öz mədəniyyətini və adət-ənənələrini, musiqisini, folklorunu, milli mətbəxini, libaslarını, ədəbiyyatını və əl işlərini nümayiş etdirməyə imkan verir. 1989-cu ildə yaradılan, Bolqarıstanda diplomatik və biznes dairələrdə fəaliyyət göstərən xarici qadınları bir araya gətirən Beynəlxalq Qadınlar Klubu müxtəlif tədbirlər həyata keçirir. Xeyriyyə bazarı əhatə dairəsinə, iştirakçıların sayına və nüfuzuna görə Klub tərəfindən təşkil olunan ən böyük tədbir hesab edilir. Tədbirdə Bolqarıstanda akkreditə olunan diplomatik nümayəndəliklərlə yanaşı, müxtəlif assosiasiyalar, fondlar və şirkət nümayəndələri də iştirak edirlər. Xeyriyyə məqsədi daşıyan bazardan əldə olunan vəsaitlər Klubun xeyriyyə layihələrinə sərf edilir. Bazar iştirakçı ölkələrin mədəniyyətinin və turizm potensialının təşviq edilməsi baxımından böyük əhəmiyyət daşıyır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya