İQTİSADİYYAT


Azərbaycan Standartlaşdırma İnstitutu Avropa Standartlaşdırma Komitəsinin “tərəfdaş standartlaşdırma orqanı” statusunu alıb

Bakı, 17 aprel, AZƏRTAC

Azərbaycan Standartlaşdırma İnstitutu Avropa Standartlaşdırma Komitəsinin “tərəfdaş standartlaşdırma orqanı” statusunu alıb.

Bu barədə AZƏRTAC-a Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunub ki, Avropa Standartlaşdırma Komitəsi (CEN) ilə Azərbaycan Standartlaşdırma İnstitutu (AzStand) arasında “tərəfdaş standartlaşdırma orqanı” statusuna dair Saziş imzalanıb. Avropa Standartlaşdırma Komitəsinə tərəfdaş üzv olmaqla Azərbaycan Standartlaşdırma İnstitutu Avropa standartlarına maneəsiz çıxış əldə etmək, milli standartların Avropa standartları ilə harmonizasiyası, qəbul edilmiş Avropa standartlarının yayımı, eləcə də Avropa Standartlaşdırma Komitəsinin Baş Assambleyasının iclaslarında, texniki komitələrində müşahidəçi statusunda iştirak, eyni zamanda, standartların hazırlanması prosesində rəy və təkliflər vermək, təşkilat tərəfindən hazırlanmış standartlar toplularından açıq istifadə etmək imkanları qazanır.

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən təsis olunub. Fərmana əsasən, instituta milli standartlaşdırma qurumu kimi beynəlxalq təşkilatlarda üzvlük və beynəlxalq müqavilələr bağlamaq hüququ verilib. Qurumun əsas fəaliyyət istiqamətləri milli standartların hazırlanması, tətbiqi, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçilik, habelə standartların tətbiqi ilə bağlı əlaqəli xidmətlərin həyata keçirilməsindən ibarətdir. İnstitut texniki tənzimləmə, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahəsi üzrə vahid dövlət siyasətinin formalaşdırılması, həyata keçirilməsi və sahənin inkişafının təmin edilməsi üçün təkliflər verir.

Həmçinin diqqətə çatdırılıb ki, qeyri-neft ixracı potensialının gücləndirilməsi məqsədilə keyfiyyət infrastrukturu sahələrinin beynəlxalq tanınması istiqamətində dövlət başçısının tapşırıqlarına uyğun olaraq, bu sahədə fəaliyyət göstərən qurumların aidiyyəti beynəlxalq təşkilatlarda təmsilçiliyi təmin olunmaqdadır.

Məqsəd yerli sahibkarların xarici bazarlara çıxışını asanlaşdırmaq, ticarətdə texniki maneələri aradan qaldırmaq və ölkəmizdə verilən sertifikatların, sınaq və kalibrləmə sənədlərinin beynəlxalq tanınmasına nail olmaqdır.

Azərbaycan Standartlaşdırma İnstitutunun CEN-də “tərəfdaş standartlaşdırma orqanı” qismində təmsilçiliyindən öncə, İnstitut 2017-ci ilin dekabr ayında Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) tamhüquqlu üzvü müəyyən edilib.

Bundan başqa, “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi ötən ilin noyabr ayından Avropa Akkreditasiya Təşkilatının (EA) və cari ilin mart ayından Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Təşkilatın (ILAC) assosiativ üzvüdür. Hazırda Azərbaycan Akkreditasiya Mərkəzinin Avropa Akkreditasiya Təşkilatının (EA) ikitərəfli tanınma Sazişinə qoşulması ilə bağlı işlər davam etdirilir. Bu məqsədlə “Azərbaycanda milli akkreditasiya sisteminin gücləndirilməsi” adlı Avropa İttifaqının (Aİ) “Tvinniq” layihəsi icra olunmaqdadır.

Azərbaycanın dövlət etalonları laboratoriyalarında həyata keçirilən ölçmələrin beynəlxalq səviyyədə tanınması istiqamətində də bir sıra işlər görülüb.

2018-ci il yanvarın 31-də Braunşveyq şəhərində Almaniya Metrologiya İnstitutunda (PTB) KOOMET-in iclasında “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsə keyfiyyəti idarəetmə sisteminin “Tanınma Şəhadətnaməsi” təqdim edilib. İnstitut 2015-ci ilin yanvar ayından Çəkilər və Ölçülər üzrə Baş Konfransda assosiativ üzv və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatda müxbir üzv kimi Azərbaycanı təmsil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.