Azərbaycan Standartlaşdırma İnstitutu ilə Litva Standartlar Şurası arasında Anlaşma Memorandumu imzalanıb
AzerTAg.az
Bakı, 24 may, AZƏRTAC
Litvanın standartlaşdırma üzrə milli orqanı olan Litva Standartlar Şurasının (LST) nümayəndə heyəti mayın 22-23-də Azərbaycanda səfərdə olub.
Səfər zamanı Litva nümayəndə heyəti İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan Standartlaşdırma İnstitutunda (AZSTAND) bir sıra görüşlər keçirib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşlər zamanı tərəflər arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi müzakirə olunub, həmçinin Avropa direktivləri və istinad standartlarının qəbulu əsasında milli texniki reqlamentlərin qəbulu prosedurları, istinad standartlarının tətbiqinə dair fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində AZSTAND və LST arasında Anlaşma Memorandumu imzalanıb.
Sənədə əsasən tərəflər standartlaşdırma sahəsində rəqəmsal həllərin tətbiqi, Texniki Komitələrin fəaliyyəti, standartların yayılmasında abunə praktikası üzrə əməkdaşlıq edəcək, istinad standartları sahəsində təcrübə mübadiləsi həyata keçirəcək.




Xəbərin mətnində orfoqrafik səhv var