İQTİSADİYYAT
“Azərbaycan Supermarket” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Bakı, 25 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də “Bravo” Supermarketlər şəbəkəsinin daxil olduğu “Azərbaycan Supermarket” MMC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında (BFB) rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildirilib ki, faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların sayı 10 min ədəd, nominal dəyəri min manat, illik faiz dərəcəsi 10,5 faiz, tədavül müddəti 3 ildir. Ticarətə buraxılma tarixi oktyabrın 25-dir.
Qeyd edək ki, oktyabrın 14-də BFB-nin Listinq Komitəsinin qərarı ilə “Bravo” Supermarketlər şəbəkəsinin daxil olduğu “Azərbaycan Supermarket” MMC-nin ümumi dəyəri 10 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib. İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.