İQTİSADİYYAT
Azərbaycan Tacikistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətlərini müzakirə edib
Bakı, 20 sentyabr, AZƏRTAC
Azərbaycan ilə Tacikistan arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətləri müzakirə olunub.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İqtisadiyyat naziri, Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev Tacikistan Parlamentinin Yuxarı Palatasının vitse-spikeri, Soqd vilayətinin rəhbəri Rəcəb Axmadzodə ilə görüşüb.
Nazir Azərbaycan-Tacikistan əməkdaşlığının qarşılıqlı hörmət, etimad və maraq prinsiplərinə əsaslandığını, dövlət başçılarının qarşılıqlı dostluq münasibətlərinin, yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əməkdaşlığın inkişafında mühüm rolunu vurğulayıb.
Ş.Mustafayev Azərbaycanda həyata keçirilən islahatlar, münbit biznes və investisiya mühiti, geniş nəqliyyat-tranzit imkanları barədə məlumat verib, ölkələrimiz arasında iqtisadi-ticarət, humanitar və sair sahələrdə əlaqələrin genişləndirilməsi üçün imkanları diqqətə çatdırıb.
Tacikistan Parlamentinin Yuxarı Palatasının vitse-spikeri, Soqd vilayətinin rəhbəri R.Axmadzodə Tacikistan Respublikası Prezidentinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini, dövlət başçılarının qarşılıqlı səfərlərinin əlaqələrin inkişafında xüsusi əhəmiyyətini vurğulayıb. Soqd vilayətinin iqtisadiyyatı barədə məlumat verən R.Axmadzodə Azərbaycanın sürətli sosial-iqtisadi inkişafını, energetika və nəqliyyat-tranzit imkanlarını qeyd edərək, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə sənaye, ticarət, investisiya, nəqliyyat-tranzit, tikinti, kiçik və orta biznes, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə birgə müəssisələrin yaradılması və sair sahələrdə əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.