MƏDƏNİYYƏT
Azərbaycan Tayhu Dünya Mədəniyyət Forumunda təmsil olunacaq
Pekin, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 17-19-da Çinin paytaxtı Pekində 5-ci Tayhu Dünya Mədəniyyət Forumu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Çində bu növ ən böyük tədbir olan Tayhu Forumunda mədəni mübadilə vasitəsi ilə birgə gələcəyin qurulması yollarına dair fikir mübadiləsi aparılacaq.
Ümumilikdə mindən çox nümayəndənin iştirak edəcəyi tədbirdə bir neçə ölkə, o cümlədən Azərbaycan rəsmi şəxslərdən, elm adamlarından ibarət nümayəndə heyəti ilə təmsil olunacaq.
Ümumi, 6 tematik və yekun iclaslardan ibarət forumda beynəlxalq münasibətlər, iqtisadiyyat, mədəniyyət, ekologiya, fəlsəfə, sosiologiya və təbabət mövzularında, habelə “Bir kəmər, bir yol” təşəbbüsünə dair müzakirələr təşkil olunacaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin