İQTİSADİYYAT
Azərbaycan Tbilisidə keçirilən beynəlxalq konfransda təmsil olunub


Tbilisi, 17 noyabr, AZƏRTAC
Tbilisidə "Rəqabət və istehlakçı hüquqlarının müdafiəsi" mövzusunda ilk beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, 11 beynəlxalq təşkilatın, eləcə də dünyanın 20-dən çox ölkəsindən mütəxəssis və ekspertlərin iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli geniş nümayəndə heyəti ilə təmsil edib.
Konfransda Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Sərxan İsmayılov da iştirak edib.
İki gün davam edən konfransda müxtəlif ölkələrdə rəqabətlilik mühiti, istehlakçıların hüquqlarının müdafiəsi mexanizmləri və tənzimləyici qurumlar tərəfindən həyata keçirilən fəaliyyətlər müzakirə olunub.
Konfrans çərçivəsində təşkil olunan panel iclasda çıxış edən Məmməd Abbasbəyli ölkəmizdə həyata keçirilən rəqabət siyasəti, istehlakçı hüquqlarının müdafiəsi, bu sahə ilə bağlı yaradılan qanunvericilik bazası barədə məlumat verib.
Onun məruzəsi maraqla qarşılanıb.
Sessiya iştirakçıları istehlakçıların hüquqlarının müdafiəsi sahəsində Gürcüstan və Avropanın praktiki təcrübəsini bölüşüblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi