CƏMİYYƏT
“Azərbaycan Tələbə Kartı”nın yeni variantının təqdimatı keçirilib [YENİLƏNİB]
Bakı, 14 dekabr, Həsrət Mahmudova, AZƏRTAC
Dekabrın 14-də Bakıda “Azərbaycan Tələbə Kartı”nın yeni variantının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, bu tədbirdə “Azərbaycan Tələbə Kartı”nın yeni variantı barədə məlumat verilib, tərəfdaş şirkətlər təqdim olunub.
Gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək bildirib ki, tələbələr kartın təqdim etdiyi güzəştlərdən həm ölkə daxilində, həm də xaricdə istifadə edə bilərlər. Bu isə tələbələrə böyük dəstəkdir. “Tələbələrimiz Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil edir və böyük uğurlar qazanırlar. Onlar Azərbaycanda keçirilən mühüm tədbirlərdə, o cümlədən birinci Avropa Oyunlarında, Formula-1 Avropa Qran-prisində, 42-ci Ümumdünya Şahmat Olimpiadasında könüllü kimi fəal iştirak ediblər. Bu, bizi çox sevindirir. Ona görə də biz Təhsil Nazirliyi ilə birlikdə istəyirik ki, tələbələr yeni kartdan faydalana bilsinlər. Bu kart gələcəkdə tələbələrə daha çox imkanlar açacaq”, - deyə A.Rəhimov vurğulayıb.
Tədbirdə, həmçinin Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri, Milli Məclisin deputatı Şahin İsmayılov, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və “Azərbaycan Tələbə Kartı” ilə əməkdaşlıq edən şirkətlərin nümayəndələri çıxışlarında kartın əhəmiyyətindən danışıblar.
Təqdimat mərasimində Avropa Gənclər Kartı Assosiasiyasının direktoru Manel Sançezın videomüraciəti dinlənilib. M.Sançez tələbə kartının təqdim olunmasını təqdir edərək, onun tələbələrə bir çox üstünlüklər verəcəyini bildirib.
Sonra on fəal tələbəyə yeni kartlar təqdim edilib.
Qeyd edək ki, təhsil alan gənclərə sosial dəstəyin artırılması və tələbələrin beynəlxalq güzəştli kartlar sisteminə qoşulması məqsədilə 2012-ci ildən etibarən Gənclər və İdman, Təhsil nazirlikləri və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün 196 min kart hazırlanaraq tələbələrə pulsuz paylanılıb.
“Azərbaycan Tələbə Kartı” Avropa Gənclər Kartı (EYCA) ilə birgə buraxılır. 1987-ci ildə təsis edilən Avropa Gənclər Kartı Assosiasiyası üzv təşkilatları sosial, mədəni, təhsil və iqtisadi cəhətdən mobil olmaq üçün daha çox gəncləri stimullaşdırmaq istiqamətində birgə fəaliyyət məqsədi daşıyır. EYCA-nın şüarı “Qənaət edilmiş pul qazanılmış puldur”.
Üzərində EYCA-nın loqosu olan kartın içində mikroçip yerləşdirilib. Bu da kart sahibinə Avropanın 37 ölkəsində 80 mindən çox, Azərbaycanda isə 200-dən artıq obyektdə 5 faizdən 55 faizədək endirimlər təklif edir. Kartdan səyahət zamanı otellər və hostellər sifariş etməkdə, ekskursiyalar və turlarda, qatar, avtobus, hava və su nəqliyyatından istifadə zamanı, mağazalarda (kitab, idman, palat və digər), iaşə obyektlərində, müxtəlif xidmətlərdə (sığorta, abunə servisi, bələdçi) istifadə etmək mümkündür.