ELM VƏ TƏHSİL
Azərbaycan Tələbə-Könüllülərinin ikinci Forumu keçirilib VİDEO
Bakı, 9 dekabr, P.İmanova, H.Mahmudova, AZƏRTAC
Dekabrın 9-da Nizami Kino Mərkəzində “BİR” Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə Beynəlxalq Könüllülər Gününə həsr olunan Azərbaycan Tələbə-Könüllülərinin ikinci Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, ötən il keçirilən forum və görülən işlərlə bağlı videoçarx nümayiş olunub.
Təhsil naziri Mikayıl Cabbarov könüllülük hərəkatının inkişafı, tələbələrin ictimai həyatda fəal iştirakı baxımından forumun əhəmiyyətini vurğulayıb, ölkədə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə gənclərin könüllü kimi fəaliyyətini yüksək dəyərləndirib. Bildirilib ki, bu gün savadlı, innovativ, milli dəyərləri qorumaqla qlobal dünyaya hazır olan nəslin yetişdirilməsi ən başlıca vəzifədir. Bu çətin və məsuliyyətli işin çox böyük hissəsi ali təhsil müəssisələrinin üzərinə düşür. Təhsil Nazirliyinin “BİR” Tələbə-Könüllü Proqramı ölkəmizin mədəni və ictimai inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır.
M.Cabbarov 2017-ci ildə keçiriləcək IV İslam Həmrəylik Oyunlarında, “Formula-1” üzrə Azərbaycan Qran-Prisində və digər tədbirlərdə tələbə-könüllülərin özlərini uğurla sübut edəcəyinə inandığını və bu fəaliyyətin onların gələcək karyerasında da özünü göstərəcəyinə əminliyini bildirib.
Gənclər və idman naziri Azad Rəhimov könüllülərin ölkəmizin mədəni və ictimai həyatında, müxtəlif beynəlxalq tədbirlərdə uğurla iştirak etdiklərini, könüllülük hərəkatının cəmiyyətdə vətəndaş fəallığının və təəssübkeşliyinin genişlənməsinə müsbət təsir göstərdiyini bildirib. Qeyd edilib ki, hazırda yeddi mindən artıq könüllüdən ibarət bazaya sahib olan “BİR” Tələbə-Könüllü Proqramı Bakıda keçirilmiş “Formula-1” üzrə Avropa Qran-Pri yarışlarında 1.147 tələbə ilə fəal iştirak edib. Könüllülərə uğurlar arzulayan A.Rəhimov onları dövlətimizin başçısının ətrafında sıx birləşməyə çağırıb.
Beynəlxalq Könüllülər Günü münasibətilə gəncləri təbrik edən BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Alessandro Frakasetti ölkəmizdə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə könüllülərin fəal iştirakını yüksək dəyərləndirib, onlara uğurlar arzulayıb.
Tədbirdə “BİR” Tələbə-Könüllü Proqramı ilə tərəfdaşlıq edən bır sıra qurumların nümayəndələrinə sertifikatlar təqdim olunub.
Sonda bir qrup tələbə-könüllü mükafatlandırılıb, onların ifasında “Tələbə” mahnısı səsləndirilib.