SİYASƏT
Azərbaycan Tələbə Şəbəkəsi Almaniyada qondarma “erməni soyqırımı” ilə bağlı tədbirə etiraz edib
Berlin, 12 mart, AZƏRTAC
Almaniyada fəaliyyət göstərən Azərbaycan Tələbə Şəbəkəsi Ermənistanın işğalçı siyasətini davamlı ifşa etməklə yanaşı, ermənilərin ölkəmizin milli maraqlarına zidd əməllərinin qarşısını almağa çalışır. Belə aksiyalardan biri bu yaxınlarda Berlin Nümayəndələr Palatasının qarşısında keçirilib.
Xocalı faciəsi qurbanlarının xatirəsinin yad edildiyi bir vaxtda ermənilərin qondarma “erməni soyqırımı”nın “100-cü ildönümü” ilə əlaqədar tədbir keçirmək cəhdləri Azərbaycan diasporunun nümayəndələrinin hiddətinə səbəb olub. Azərbaycan Tələbə Şəbəkəsinin təmsilçiləri türkiyəli tələbələrlə birlikdə tədbir keçirilən binanın qarşısında aksiya keçiriblər. Aksiya zamanı “erməni soyqırımı” ilə bağlı tədbirə dəvət olunmuş qonaqlara Xocalı faciəsindən və Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlılardan bəhs edən kitabçalar paylanılıb. Ermənilərin təşkil etdiyi tədbirin iştirakçıları iclas zalına əllərində bu kitabçalarla daxil olublar.
Aksiyanın məqsədi ermənilərin Almaniya ictimaiyyəti arasında Dağlıq Qarabağ münaqişəsi haqqında yanlış məlumat yaymasının qarşısını almaq və diqqəti Ermənistanın işğalçı siyasətinə cəlb etmək olub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin