ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universiteti Avropa ali məktəblərinin beynəlxalq layihələrində iştirak edəcək
Bakı, 30 oktyabr, AZƏRTAC
İngiltərənin Aberistuit Dövlət Universitetinin beynəlxalq əlaqələr departamentinin nümayəndəsi Murtuza Əli Qəznavi Azərbaycan Texniki Universitetində olub.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə beynəlxalq əlaqələr üzrə prorektor, professor Sübhan Namazov AzTU-nun yaranma tarixi, yüksək ixtisaslı mühəndis kadrların hazırlığı sahəsindəki fəaliyyəti, beynəlxalq əlaqələri barədə danışıb. Bildirib ki, AzTU ilə Avropa universitetləri arasındakı əlaqələr genişləndikcə elmi tərəqqinin nəticəsi olaraq iqtisadiyyatda yeni inkişaf prosesi yaranır. Prorektor universitetin son nailiyyətləri və həyata keçirilən beynəlxalq layihələri barədə məlumat verib.
Təmsil etdiyi universitetin fəaliyyət istiqamətlərindən danışan Murtuza Əli Qəznavi AzTU ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Həmçinin Aberistuit Dövlət Universitetində və Avropanın aparıcı ali məktəblərində həyata keçirilən layihələrdə AzTU-nun iştirakının vacibliyini qeyd edib.
Görüşdə ali məktəblər arasında təhsil, elmi-tədqiqat, akademik mübadilələr sahəsində beynəlxalq əməkdaşlığın perspektivləri müzakirə olunub və əməkdaşlıq müqaviləsinin ilkin razılığı əldə edilib.