ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universiteti onlayn dərslərə start verib
Bakı, 31 mart, AZƏRTAC
Azərbaycan Texniki Universiteti (AzTU) onlayn dərslərə start verib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar hər bir tələbənin və müəllimin AzTU-nun “Elektron təhsil” portalında elektron kabinetində elanlar bölməsində lazımi məlumat yerləşdirilib. Onlayn dərslərdə iştirak üçün hər tələbə mobil telefon və ya kompüterində ZOOM proqramından istifadə etməklə müəllimi dinləmək, sual vermək, yazılı müraciət etmək imkanına malikdir.
Onlayn dərslərə qoşulmaq üçün bütün qayda və təlimatlar müəllim və tələbələrin elektron kabinetində yerləşdirilib. Hər bir tələbə öz dərs cədvəlinə uyğun olaraq həmin saatda elektron təhsil kabinetinə daxil olur. Eyni zamanda, keçirilən dərsin videoyazısının sonradan tələbələr tərəfindən dinlənilməsi mümkündür.
Qeyd edək ki, təxminən 6000 tələbə və 500 müəllim elektron kabinetlərinə daxil olaraq onlayn dərslərdə iştirak edib.