Azərbaycan Texniki Universiteti təqdim edir: “Vətən sağ olsun” animasiyası
AzerTAg.az
Bakı, 16 fevral, AZƏRTAC
Qələbəmizin əldə olunmasında, 44 günlük Vətən müharibəsində iştirak edən hər bir qəhrəmanımız kimi Azərbaycan Texniki Universitetinin (AzTU) və kolleclərinin tələbə və məzunlarının da rolu danılmazdır. Onlardan 29 nəfəri qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. Ali təhsil ocağı Vətən uğrunda canından keçən tələbə və məzunlarının xatirəsini hər zaman əziz tutur, bundan sonra da tutacaq. AzTU-nun tələbə-rektoru Əli Abdullazadənin təşəbbüsü ilə Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn tələbə və məzunlara həsr olunan “Vətən sağ olsun” animasiyası da onların əziz xatirəsinə hörmət və ehtiramın ifadəsidir.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, rəssam Naqiyə Rzayevanın qumla yaratdığı animasiyanı Emin Hüseynov və AzTU-nun məzunu Nazim Şərbətov lentə alıb. On dəqiqəlik videoda qəhrəmanların universitetə qəbul olduğu ildən şəhid olduğu dövrədək bütün məqamlar əks olunub.
AzTU-da şəhid tələbə və məzunların xatirəsinin əbədiləşdirilməsi istiqamətində tədbirlər davam etdiriləcək.



Xəbərin mətnində orfoqrafik səhv var