ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universiteti və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə seminar keçirilib
Bakı, 18 fevral, AZƏRTAC
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə “Dördüncü Sənaye İnqilabı: yaşıl enerji zonası, ağıllı şəhər və kəndlər” mövzusuna həsr olunmuş onlayn seminar keçirilib.
Bu barədə AZƏRTAC-a AzTU-dan məlumat verilib. Bildirilib ki, seminar AzTU-nun İctimai Şurasının sədri, Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüzün moderatorluğu ilə keçirilib. Rektor Vilayət Vəliyev tədbirin çox əhəmiyyətli mövzuya həsr olunduğunu qeyd edib, işğaldan azad edilmiş ərazilərdə şəhərlər və kəndlərin “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulması ilə bağlı Prezident İlham Əliyevin tapşırıqlarını xüsusi vurğulayıb. Bildirib ki, Dördüncü Sənaye İnqilabında universitetlər xüsusilə də AzTU əhəmiyyətli rol oynayır.
Rektor hazırda universitetdə müasir çağırışlara uyğun islahatlar aparıldığını qeyd edib, buna misal olaraq Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrasının yaradıldığını, ixtisasların müasir tələblərə uyğun yeniləndiyini bildirib. Vurğulanıb ki, AzTU müasir dövrün çağırışlarına cavab verməyə hazırdır.
Tədbirdə professor, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov “Azad olmuş ərazilərə qayıdışı stimullaşdırmaq üçün enerji siyasətinin özəllikləri”, Milli Məclisin deputatı Etibar Əliyev “Dördüncü Sənaye İnqilabının paradiqmaları”, AzTU-nun İctimai Şurasının sədri Osman Gündüz “Ağıllı şəhər və kənd: rəqəmsal transformasiyanın tərkib hissəsi kimi”, universitetin tədris işləri üzrə prorektoru, professor Nurəli Yusifbəyli “Azərbaycanın postneft dövrü: enerji sektorunun inkişaf trendləri” mövzusunda çıxış ediblər.