ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universiteti və Ulyanovsk Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bakı, 30 sentyabr, AZƏRTAC
Rusiya Federasiyasının Ulyanovsk Dövlət Universitetinin prezidenti, professor Yuri Polyanskov və rektoru Boris Kostişko Azərbaycan Texniki Universitetində (AzTU) olublar.
AzTU-dan AZƏRTAC-a bildiriblər ki, universitet ilə tanışlıqdan sonra qonaqlar bu ali təhsil ocağı ilə əməkdaşlıq müqaviləsi bağlamaq niyyətində olduqlarını bildiriblər. Hər iki tərəfin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə əməkdaşlıq haqqında müzakirələr aparılıb və gələcəkdə görüləcək işlərin ilkin razılığı əldə edilib.
Daha sonra Azərbaycan Texniki Universiteti və Ulyanovsk Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi AzTU-nun rektor əvəzi Xalıq Yahudov və Ulyanovsk Dövlət Universitetinin rektoru Boris Kostişko imzalayıblar.
Müqavilədə elm, texnika və təhsil sahələrində elmi-tədqiqat işlərinin, elmi-metodiki konfransların, seminarların və simpoziumların birgə təşkili, müəllim-tələbə, magistrantların, doktorantların mübadiləsi və müxtəlif fakültələrin, kafedraların qarşılıqlı əlaqələrinin yaradılması nəzərdə tutulub.
Sonda qonaqlar AzTU-da fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olub, xatirə kitabına ürək sözlərini yazıblar.