ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universitetində İnnovativ Texnologiyalar Mərkəzi yaradılacaq

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti onlayn iclası keçirilib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, iclasda rektor Vilayət Vəliyev ötən həftə Türkiyənin Qazi Universiteti ilə imzalanmış ikili diplom proqramı haqqında müqavilənin müddəaları barədə şura üzvlərinə məlumat verib. Rektor may ayında Ukraynaya etdiyi işgüzar səfər və bu ölkənin aparıcı ali təhsil müəssisələri ilə imzalanan müqavilələr haqqında məlumatı da iclas iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, əməkdaşlıq və ikili diplom proqramı haqqında müqavilələrə əsasən, AzTU-da Qazi Universitetinin və Ukrayna ali təhsil müəssisələrinin təcrübələrindən istifadə olunacaq.

İclasın gündəliyinə uyğun olaraq 2020-2021-ci il yaz semestrinin imtahan sessiyasına hazırlıqla bağlı məlumat, həmçinin Xüsusi texnika və texnologiya fakültəsinin fəaliyyəti haqqında hesabat dinlənilib. Bundan başqa, Vətən müharibəsində iştirak etmiş tələbələrə yekun dövlət attestasiyasında güzəşt edilməsi ilə bağlı qərar da yekdilliklə qəbul edilib.

Elmi şuranın iclasında AzTU-nun da tərəfdaş olduğu “Erasmus+KA2” proqramının “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” (UniClaD) layihəsi çərçivəsində universitetdə İnnovativ Texnologiyalar Mərkəzinin yaradılması qərara alınıb. Qeyd olunub ki, UniClaD layihəsi 2020-2023-cü illəri əhatə edir. Məqsəd 9 ölkənin partnyor universitetlərinin Avropanın klaster təcrübəsini öyrənməsi, eyni zamanda, universitet-sənaye işbirliyinin gücləndirilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.