İQTİSADİYYAT
Azərbaycan Texniki Universitetində “İskratel” şirkətinin quraşdırdığı “Next Generation Network” tipli stansiya və tədris mərkəzi istifadəyə verilmişdir
Bakı, 2 iyul (AZƏRTAC). Azərbaycan Texniki Universitetində (AzTU) “İskratel” şirkətinin quraşdırdığı “Next Generation Network” (“NGN”) tipli stansiya və tədris mərkəzi istifadəyə verilmişdir.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, açılış mərasimində AzTU-nun rektoru, professor Havar Məmmədov gələcək nəslin şəbəkələri mənasını verən “Next Generation Network” sistemi barədə danışmışdır. Qeyd etmişdir ki, bu sistem özündə həm standart analoq telefon xidmətlərini, həm də genişzolaqlı internet xidmətlərini əhatə edir. Yeni texnologiyanın özəlliyi vahid platforma əsasında müxtəlif növ telekommunikasiya xidmətləri göstərməsindədir.
Təcrübə göstərir ki, “NGN” texnologiyasının inkişafı stasionar və mobil şəbəkələrə xidmət etmək üçün vahid stansiyadan istifadə edilməsinə şərait yaradır. Beləliklə, abonentə operator tərəfindən ən müasir xidmətlər toplusu vahid paket şəklində təqdim edilir. Bu da mobil, stasionar, internet, kabel vasitəsilə müxtəlif xidmətləri yalnız bir stansiyadan almaq imkanı yaradır.
Rektor bildirmişdir ki, bu təcrübə Avropa ölkələrində geniş yayılmaqdadır. Söz yox ki, gələcəkdə abonentlər genişzolaqlı rabitə xidmətlərinə üstünlük verəcəklər. Optik kabel və modemdən istifadə etməklə abonentlər videotelefon, yüksək sürətli internet və İPTV xidmətlərinə qoşula biləcəklər.
Tədbirdə, həmçinin qeyd olunmuşdur ki, müasir İKT texnologiyalarının tətbiqi sahəsində dünyada öncül mövqelərdən birinə sahib olan “İskratel” şirkəti Azərbaycanda ilk olaraq “Aztelekom” İstehsalat Birliyi və “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi ilə sıx əlaqələr yaratmış, ölkəmizdə TDM texnologiyalı stansiyalar qurulmuşdur.
“İskratel” tərəfindən Azərbaycan Texniki Universitetinə “NGN” tipli stansiya təqdim edilmiş və bu ali təhsil müəssisəsində tədris mərkəzi yaradılmışdır. Gələcəkdə universitetin rabitə ixtisası üzrə məzunları birbaşa istənilən operatorda işlə təmin olunub, peşəkar şəkildə “NGN” tipli stansiyaların istismarını həyata keçirə biləcəklər.
“İskratel” şirkəti direktorunun müavini Yasmin Kukavitsa, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Nazim Cəfərov, “Aztelekom” İstehsalat Birliyinin texniki direktoru Zahir Vəliyev “NGN” tipli stansiyanın üstünlükləri və yaratdığı imkanlar barədə məlumat vermişlər.
Tədbir iştirakçıları “NGN” tipli stansiya ilə təchiz olunmuş tədris mərkəzi və burada quraşdırılmış avadanlıqlarla, onların iş prinsipləri ilə tanış olmuşlar.
Bildirilmişdir ki, yeni texnika və texnologiyalarla təchiz edilmiş mərkəzin İKT sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasında, eləcə də ölkəmizin müxtəlif təşkilatları üçün mütəxəssislərin ixtisaslarının artırılmasında mühüm rolu olacaqdır.