ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universitetində “Qarabağ əcdadlarımızın mirasıdır” sənədli filmi nümayiş etdirilib

Bakı, 26 fevral, AZƏRTAC

Fevralın 26-da Azərbaycan Texniki Universitetində (AzTU) “Qarabağ əcdadlarımızın mirasıdır” sənədli filmi nümayiş olunub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə AzTU-nun prorektoru İsa Xəlilov Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki çıxışında qeyd olunan məsələlərin icrası ilə bağlı hazırlanan tədbirlər planının tətbiqindən danışıb. Prorektor gənclərin milli ruhda yetişdirilməsinə şərait yaratmaq üçün AzTU-da keçirilən silsilə tədbirlərdən söz açıb. Bildirib ki, ali təhsil ocağında bu gün bir neçə qrupda keçirilən tarix dərsləri “Qarabağ əcdadlarımızın mirasıdır” sənədli filminin nümayişi və müzakirəsinə həsr olunub. Sənədli filmdə Qarabağın coğrafi ərazisi, təbiəti, əhalisi, mədəni irsi, Alban və islam abidələri, burada mövcud olmuş qədim mədəniyyətlər barədə geniş məlumat verilib. Əsas məqsəd Qarabağın Azərbaycanın olduğunu, həmçinin Ermənistanın əzəli torpaqlarımıza qarşı əsassız ərazi iddialarını dünya ictimaiyyətinə çatdırmaq və ifşa etməkdir.

Film Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutu və “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin təşkilatçılığı ilə çəkilib.

“Qarabağ əcdadlarımızın mirasıdır” filmi Qarabağın tarixini və müasir işğal dövrünü orijinal çəkiliş və muzey materialları, arxiv sənədləri ilə əks etdirən müasir formatda hazırlanmış ilk ekran əsəridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.