ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universitetində “Startap günləri” başlandı

Bakı, 12 aprel, AZƏRTAC

Aprelin 12-də Azərbaycan Texniki Universitetində (AzTU) “Startap günləri”nin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən AzTU-nun elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədov “Startap günləri” ilə bağlı görülən hazırlıq işlərindən, o cümlədən işçi qruplarının yaradılmasından və digər təşkilati məsələlərdən danışıb. Bildirib ki, “Startap günləri”nin keçiriləcəyi məkanlarda tələbələrin öz ideyalarını nümayiş etdirmələri üçün lazımi şərait yaradılıb. “Startap günləri”nə qatılmaq üçün 117 tələbə qeydiyyatdan keçib. İştirakçılar öz ideyalarını dəyərləndirmək və gerçəkləşdirmək, tanınmış startap nümayəndələri ilə əlaqələr qurmaq imkanı qazanacaqlar.

Qeyd edilib ki, “Startap günləri”ndə ənənəyə uyğun olaraq ən yaxşı 3 startap seçilməklə I, II və III yerlərin qalibləri müəyyən olunacaq. Qaliblərə respublika finalına qatılma şansı veriləcək.

“Startup Azərbaycan” layihəsinin təşkilat komitəsinin üzvü, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz layihə haqqında məlumat verib. Bildirib ki, “Startap günləri” iki gün davam edəcək. Birinci gün innovativ ideyaların yarışması təşkil olunacaq, ikinci gün isə qalib gələn ideyalar ətrafında komandalar formalaşdırılacaq. Həmin komandalar isə ideyalarını “Biznes-plan”a çevirərək münsiflər heyətinə təqdim edəcəklər.

Daha sonra tələbələr layihələrini təqdim ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.