ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universitetində Ustadlıq Mərkəzi açılıb

Bakı, 30 oktyabr, AZƏRTAC

Oktyabrın 30-da Azərbaycan Texniki Universitetinin (AzTU) Avropa İttifaqının “Erasmus+" proqramı çərçivəsində Ustadlıq Mərkəzinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov AzTU-da mütəxəssis hazırlığı istiqamətində həyata keçirilən layihələrdən danışıb. İstilik energetikası kafedrasının nəzdində yaradılan mərkəzin fəaliyyət istiqamətlərini diqqətə çatdıran prorektor bu sahədə Azərbaycan Memarlıq və İnşaat Universiteti və Sumqayıt Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində görülən işləri qeyd edib.

Layihənin əlaqələndiricisi, professor Həsən Hüseynov isə “Erasmus+” proqramının nəticələri barədə danışıb. Məlumat verilib ki, layihənin büdcəsi hesabına Mərkəz iki texnoloji platforma, mobil studiya və tərcümə komplekti ilə təmin olunub. Tərəfdaş universitetlərin hər birində Ustadlıq mərkəzləri yaradılıb.

Avropa universitetlərində təkmilləşmə keçmiş müəllimlərin iştirakı ilə seminarlar təşkil olunub. Seminarlarda 315 nəfər ali məktəb müəllimi və istehsalat nümayəndələri iştirak ediblər. Layihənin nəticələrinin ölkənin digər universitetlərində də tətbiq olunması nəzərdə tutulur.

Tədbirdə Azərbaycan-Fransız İnstitutunun rektoru Yohan Şitterer, AzTU-nun milli “Erasmus+” bürosunun rəhbəri Pərviz Bağırov və digər çıxış edənlər layihənin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan təhsilinin Avropa təhsil sisteminə inteqrasiyası, müasir, modernləşdirilmiş təhsil sisteminin yaradılması ilə bağlı planlı şəkildə görülən işlər öz nəticəsini verməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.