ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universitetində "Əbədiyyətə qovuşanlar" kitabı təqdim edilib
Bakı, 30 noyabr, AZƏRTAC
Noyabrın 30-da Azərbaycan Texniki Universitetində (AzTU) "Əbədiyyətə qovuşanlar" kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhid ailələrinin, universitet kollektivinin, tələbələrin iştirak etdiyi tədbirdə əvvəlcə AzTU-nun Şəhidlər abidəsi önünə gül qoyulub. Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təqdimat mərasimində çıxış edən prorektor İsa Xəlilov şəhidlərin xatirəsinin əziz tutulması, onların qəhrəmanlığının gənclərə örnək olması üçün AzTU-da silsilə tədbirlərin keçirildiyini bildirib. Prorektor mütəmadi olaraq şəhid ailələri ilə görüşlər təşkil olunduğunu, eləcə də universitetdə muzey yaradıldığını, kitabların nəşr olunduğunu, film hazırlandığını diqqətə çatdırıb.
"Əbədiyyətə qovuşanlar" kitabı haqqında məlumat verən prorektor nəşrdə AzTU-nun məzunları və tələbələri olmuş Milli qəhrəmanların və şəhidlərin döyüş yolundan söz açıldığını diqqətə çatdırıb.
Qeyd edilib ki, 1990-cı illərin əvvəllərində Azərbaycan ordusunun, xüsusilə artilleriya hissəsinin formalaşmasında AzTU məzunlarının müstəsna rolu olub. Qarabağ uğrunda gedən döyüşlərdə, 20 Yanvar hadisələrində, həmçinin dövlətimizin suverenliyi uğrunda onlarla AzTU məzunu şəhid olub, on nəfər isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Kitabın müəllifi, AzTU kitabxanasının şöbə müdiri Zöhrə Məmmədova materialların hazırlanması prosesindən, həmçinin bu ideyanın formalaşmasından danışıb. Z.Məmmədova bildirib ki, şəhidləri xatırlamaq, onların xatirəsini əbədiləşdirmək vətəndaş olaraq hər kəsin borcudur. Müəllif yaxın zamanlarda kitabın rus və ingilis dilində olan versiyalarının da nəşr ediləcəyini deyib.
“Əbədiyyətə qovuşanlar” kitabının koordinatoru Eldar Əzizov, AzTU-nun şəhid məzunu Əbdülməcid Axundovun anası Ceyran Məmmədova, Milli Qəhrəman Şövqiyar Abdullayevin qardaşı Elcan Abdullayev, AzTU-nun Tələbə Gənclər Təşkilatının sədri Zərifə Əlizadə çıxış edərək kitab haqqında təəssüratlarını bölüşüblər.
Sonda tədbir iştirakçılarına müəllifin imzalı kitabları təqdim olunub.