ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universitetində məktəblilər üçün “açıq qapı” günü

Bakı, 17 may, AZƏRTAC 

Mayın 17-də Azərbaycan Texniki Universitetində (AzTU) paytaxt məktəbliləri üçün “açıq qapı” günü keçirilib.

AzTU-dan AZƏRTAC-a bildiriblər ki, “açıq qapı” günündə Bakının 2 və 16 nömrəli texniki-humanitar liseylərinin, 5, 53 və 225 nömrəli tam orta məktəblərinin XI sinif şagirdləri və müəllimlər iştirak ediblər.

Görüşdə AzTU-nun rektoru vəzifəsini icra edən, professor Xalıq Yahudov universitetin yaranma tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, universitetdə texniki ali təhsilin bütün istiqamətlərində elmi potensial yaradılıb və kadr hazırlığı həyata keçirilir.

X.Yahudov sənayemizdə mühəndis kadrlara böyük ehtiyac olduğunu bildirib, məktəbliləri texniki ixtisaslara üstünlük verməyə çağırıb.

Sonra məktəblilər universitetin laboratoriyaları, elmi-tədqiqat mərkəzləri, kompüterləşdirilmiş imtahan mərkəzləri, kitabxana, müxtəlif auditoriyalarla tanış olublar.

Əsasən I və II ixtisas qrupları üzrə ali məktəbə hazırlaşan məktəblilərin iştirak etdikləri “Açıq qapı” günündə bəzi tədqiqat işləri, həmçinin avadanlıqların işə salınması onların iştirakı ilə həyata keçirilib.

Universitetlə tanışlıqdan sonra məktəblilər və müəllimlər AzTU haqqında təəssüratlarını bölüşüblər.

Sonda universitetin tələbələri məktəblilər üçün konsert proqramı təşkil ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.