ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universitetinə bu il 1817 gənc qəbul olunub
Bakı, 16 sentyabr, AZƏRTAC
Sentyabrın 16-da Azərbaycan Texniki Universitetində (AzTU) 2019-2020-ci tədris ilinin başlanmasına və “Bilik günü”nə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə gül dəstələri düzüb, ulu öndərin xatirəsini ehtiramla yad ediblər.
Universitetin binası qarşısında keçirilən tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Giriş nitqi ilə çıxış edən AzTU-nun rektoru, professor Vilayət Vəliyev tədris ilinin başlanması münasibətilə professor-müəllim heyətini, tələbələri təbrik edib, onlara təhsildə, elmi və yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə digər çıxış edənlər yeni qəbul olunmuş tələbələri təbrik edib, onların bilikli, özünə inanan, iradəli mütəxəssis kimi və ən əsası Vətənə faydalı vətəndaş kimi yetişmələrini arzulayıblar.
Qeyd edilib ki, bu il AzTU-nun bakalavr səviyyəsinə 1509, magistratura səviyyəsinə isə 308 gənc qəbul olunub.
Tədbirdə qəbul imtahanlarında yüksək bal toplamış birinci kurs tələbələrinə xatirə hədiyyələri və tələbə biletləri təqdim edilib.