ELM VƏ TƏHSİL


Azərbaycan Texniki Universitetinin layihəsi beynəlxalq müsabiqənin qalibi olub

Bakı, 23 dekabr, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) komandası “Dördüncü Dünya İnnompic Oyunları – 2020” müsabiqəsində “Dünyanı xilas etmək səndən başlayır” adlı layihə ilə çıxış edib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi beynəlxalq aləmdə mövcud vəziyyətin yaxşılaşdırılması, istedadlı və peşəkar insanların üzə çıxarılmasıdır. On bir ölkədən 21 komandanın qatıldığı müsabiqədə AzTU-nu Tədqiqat və inkişaf şöbəsinin müdiri, komanda mentoru, yarışın jüri üzvü Mərziyyə Ağayeva, həmin şöbənin mütəxəssisi, komandanın rəhbəri Fərid Həsənov, komandanın üzvləri - İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının baş müəllimi Səfa Bakan və magistrant Nuru Daşdəmirli təmsil ediblər.

Layihədə suya qənaət qaydaları, həmçinin ona edilən qənaətin əlavə bonuslar qazandırması yolları, habelə bonusların digər kommunal xidmətlərə çevrilməsindən bəhs olunur. Əməliyyatları izləmək üçün komandanın hazırladığı "Kommunal Bank" adlı mobil tətbiqdən istifadə olunub. Bu tətbiq vasitəsilə bütün kommunal xidmətlərə nəzarət etmək və ödənişləri asanlıqla həyata keçirmək mümkündür.

Qeyd edək ki, AzTU komandasının layihəsi müsabiqədə qalib gələrək BMT-nin Davamlı İnkişaf Məqsədlərinə töhfə kimi təqdim olunub və sertifikatla mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.