ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universitetinin nümayəndə heyəti Ukraynada beynəlxalq konfransda iştirak edib
Bakı, 28 oktyabr, AZƏRTAC
Avropa İttifaqının maliyyələşdirdiyi “Erasmus+” proqramı çərçivəsində “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” layihəsi (UniClaD) üzrə tərəfdaş universitetlərin iştirakı ilə beynəlxalq konfrans və idarəedici heyətin növbəti görüşü keçirilir.
Ukraynanın Bila Tserkva Milli Aqrar Universitetində təşkil edilən tədbirdə Azərbaycan Texniki Universitetini (AzTU) beynəlxalq əlaqələr üzrə prorektoru Sübhan Namazov, rektorun elmi-tədqiqat məsələləri üzrə müşaviri Fariz Məmmədov, layihələr və mübadilə proqramları üzrə baş mütəxəssis Mətanət Paşayeva təmsil edir.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, konfransda layihə çərçivəsində “Universitetlərin aqrar sektorda klasterləşməyə töhfəsi”, “Layihələrin yerinə yetirilməsi zamanı komanda işində fərqlər: fürsətlər və maneələr”, “Tətbiqi tədqiqatdan innovasiya və sahibkarlığa: onu necə yerinə yetirilməli?” və digər mövzular müzakirə olunub.
Konfrans işini oktyabrın 29-da yekunlaşdıracaq.